Körfəz Əməkdaşlıq Şurası

Səudiyyə Ərəbistanında avqustun 8-də başa çatan həftə ərzində ödəniş terminalları (POS) vasitəsilə həyata keçirilən əməliyyatların məbləği 3.5 milyard dollardan yuxarı qalıb. Bu göstərici əvvəlki həftə ilə müqayisədə fəallığın bir qədər səngiməsinə baxmayaraq, istehlak xərclərinin dayanıqlı olduğunu nümayiş etdirir. Açıqlanan ən son rəsmi statistikaya əsasən, ümumi POS əməliyyatlarının dəyəri əvvəlki yeddi günlə müqayisədə 10.5 faiz azalaraq 14.60 milyard riyal (təxminən 3.89 milyard dollar) təşkil edib.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından keçən iki ADNOC gəmisinin İran tərəfindən hədəfə alınmasını sərt şəkildə pisləyib. BƏƏ Xarici İşlər Nazirliyi hücumun BMT Təhlükəsizlik Şurasının dəniz naviqasiyası azadlığının əhəmiyyətini təsdiqləyən və kommersiya gəmilərinin hədəfə alınmasını, eləcə də beynəlxalq dəniz marşrutlarının qarşısının alınmasını rədd edən 2817 saylı qətnaməsinin kobud şəkildə pozulması olduğunu bildirib.

İnternetdə təbliğ olunan arıqlama məhsulları və iynələrinə artan maraq fonunda Qətər İctimai Səhiyyə Nazirliyi istehlakçılara xəbərdarlıq edib. Bildirilib ki, vətəndaşlar arıqlama dərmanları və digər müalicəvi vasitələrin ölkədə qeydiyyatdan keçdiyini yoxlamalı, onları yalnız lisenziyalı səhiyyə müəssisələrindən və apteklərdən əldə etməlidirlər. Nazirliyin Əczaçılıq və Dərmanlara Nəzarət Departamentinin əməkdaşı Dr. Lətifə Əl-Xəyyat bildirib ki, istehlakçılar nazirliyin rəsmi internet səhifəsi vasitəsilə məhsulun Qətərdə lisenziyalaşdırılıb qeydiyyata alındığını yoxlaya bilərlər. Qeyd olunub ki, ölkədə qeydiyyatdan keçən vasitələr satışa buraxılmazdan əvvəl səlahiyyətli şöbə tərəfindən qiymətləndirilir və laboratoriya sınaqlarından keçirilir.

Səudiyyə Ərəbistanı Kulinariya Sənəti Komissiyası Bureydə Beynəlxalq Xurma Festivalında iştirak edərək öz nəşrlərini, o cümlədən "Bureydə" kitabını təqdim edir. Bu addım Krallığın kulinariya irsini tanıtmaq və onun yerli məhsullarla sıx bağlılığını vurğulamaq məqsədi daşıyır. "Ginnesin Rekordlar Kitabı"na dünyanın ən böyük xurma festivalı kimi düşən Bureydə tədbiri xurma sektorunda mühüm iqtisadi və kənd təsərrüfatı hadisəsidir. Festivalda 30-dan çox müxtəlif xurma çeşidi, eləcə də Səudiyyə kulinariya sənətinin ənənəvi tərkib hissəsi olan xurma bəhməzi kimi törəmə məhsullar nümayiş olunur.

Oman sahillərinə çatan nəhəng neft sızması ciddi ekoloji təhlükə yaradıb. Peyk görüntülərinə əsasən, neft təbəqəsi 2 min kvadratkilometrdən çox dəniz sahəsinə yayılıb. Çirklənmənin Rəs Mədrəkə yaxınlığında təxminən 40 kilometrlik sahil zolağına təsir göstərə biləcəyi bildirilir. Məzirə adasının sahilləri də təhlükə altındadır. Sızma nadir dəniz canlılarının yaşadığı qorunan ərazilərə ciddi zərər vura bilər. Ən təhlükəli ehtimal zədələnmiş gəminin parçalanaraq içərisindəki neftin böyük hissəsinin dənizə axmasıdır. Bu halda sızmanın miqyası son onilliklərin ən böyük neft fəlakətlərindən biri ilə müqayisə edilə bilər. Əlverişsiz hava şəraiti isə həm neftin yayılmasını sürətləndirir, həm də onun qarşısının alınması işlərini çətinləşdirir.

Britaniyanın “Ambrey” şirkəti Oman sahillərində saya oturmuş “Caroline Bezengi” neftdaşıyan gəmisinin xilas edilməsi əməliyyatına başlayıb. Əsas məqsəd gəmidən dənizə yayılan neftin qarşısını almaq və gəmini sabitləşdirməkdir. Mütəxəssislər Oman Hərbi Hava Qüvvələrinin köməyi ilə gəmiyə qalxaraq onun vəziyyətini qiymətləndiriblər. Əlverişsiz hava şəraiti xilasetmə və neft sızmasının qarşısının alınması işlərini çətinləşdirir. Peyk görüntüləri neftin geniş dəniz ərazisinə yayıldığını göstərir. Sızma qorunan dəniz ərazilərində yaşayan canlılar üçün ciddi təhlükə yaradır. “Caroline Bezengi” iyunda baş verən partlayışdan sonra zədələnərək Əl-Qibliyyə adası yaxınlığında saya oturub. Mütəxəssislər gəminin batacağı və bütün yükünün dənizə axacağı təqdirdə ağır ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Yəmənin “Ənsar Allah” hərəkatı Səudiyyə Ərəbistanının Cizan bölgəsində yerləşən “Aramco” neft emalı zavoduna hücum etdiyini açıqlayıb. Husilərin məlumatına görə, hücum zamanı iki pilotsuz uçuş aparatından istifadə olunub. Hücum barədə məlumat Yəmənin “Səba” xəbər agentliyi tərəfindən hərbi mənbəyə istinadən yayılıb. Husilər əməliyyatın Səudiyyə Ərəbistanının Yəmənin Səədə və Həccə vilayətlərindəki fəaliyyətinə cavab olduğunu bildiriblər. Hərəkat Səudiyyə Ərəbistanını Yəmənin hava məkanını və suverenliyini pozmaqda ittiham edir. Cizandakı neft emalı zavodu Səudiyyə Ərəbistanının mühüm enerji müəssisələrindən biri hesab olunur. Husilər bundan əvvəl də həmin bölgədə “Aramco”ya məxsus obyektləri hədəfə aldıqlarını açıqlayıblar. Son hücum Yəmənlə Səudiyyə Ərəbistanı arasında hərbi gərginliyin yenidən artdığı bir vaxtda baş verib.

Səudiyyə Ərəbistanı Dövlət Statistika İdarəsinin (GASTAT) məlumatına əsasən, 2026-cı ilin iyul ayında ölkədə illik inflyasiya dərəcəsi 1.8 faiz təşkil edib. Bu artımda əsas pay mənzil, su, elektrik enerjisi, qaz və digər yanacaq növlərinin qiymətindəki 4.2 faizlik yüksəlişə məxsusdur. Mənzil və kommunal xidmətlər üzrə illik artıma əsasən mənzil kirayə haqqının 4.3 faiz bahalaşması təsir edib. Bu sektor illik inflyasiya göstəricisinə ən böyük töhfə verən sahə olub və ümumi göstəricinin 0.8 faiz bəndini təşkil edib.

"Forbes Middle East" jurnalının dərc etdiyi 2026-cı il üzrə regionun ən nüfuzlu icraçı direktorları (CEO) siyahısında Qətəri təmsil edən 11 rəhbər şəxs yer alıb. Yaxın Şərq və Şimali Afrika (MENA) regionunun iri şirkətləri maliyyə artımını təmin edən, dayanıqlılığı möhkəmləndirən və biznesin gələcəyini şəkilləndirən idarəçilərin sayəsində yüksək maliyyə göstəriciləri nümayiş etdirməkdə davam edirlər.

Qətər Ədliyyə Nazirliyinin Daşınmaz Əmlakın Qeydiyyatı İdarəsində avqustun 2-dən 6-dək qeydə alınmış alqı-satqı müqavilələri üzrə əmlak tədavülünün həcmi 353 milyon 406 min 706 riyala çatıb. Həmin dövrdə mənzillər üzrə xüsusi bülletenə daxil olan alqı-satqı müqavilələrinin ümumi məbləği isə 23 milyon 813 min 514 riyal təşkil edib. Böyləliklə, həftə ərzində daşınmaz əmlak bazarındakı ümumi əməliyyatların həcmi 377.220 milyon riyala yüksəlib.

Qətər Hər Kəs Üçün İdman Federasiyası cəmiyyətin müxtəlif təbəqələrinin və bütün yaş qruplarının geniş iştirakı ilə keçirilən "İdman Yayı 2026" proqramının uğurunu alqışlayıb. Tədbirlər parklar, idman klubları, gənclər və ticarət mərkəzləri, məhəllə meydançaları, məktəblər və müxtəlif idman obyektləri də daxil olmaqla 65-dən çox mekanda təşkil olunub.

Səudiyyə Ərəbistanının ən böyük qazma podratçısı olan "Arabian Drilling" şirkəti müvəqqəti olaraq dayandırılmış bütün dəniz qazma qurğularının fəaliyyətini sentyabr ayının sonunadək bərpa edəcəyini elan edib. Şirkət Körfəz Əməkdaşlıq Şurası regionundakı bəzi dəniz qazma qurğularında işləri İsrail, ABŞ və İranın iştirakı ilə münaqişənin kəskinləşdiyi mart ayında ehtiyat tədbiri kimi dayandırmışdı.