Səudiyyə Ərəbistanının ən böyük qazma podratçısı olan "Arabian Drilling" şirkəti müvəqqəti olaraq dayandırılmış bütün dəniz qazma qurğularının fəaliyyətini sentyabr ayının sonunadək bərpa edəcəyini elan edib. Şirkət Körfəz Əməkdaşlıq Şurası regionundakı bəzi dəniz qazma qurğularında işləri İsrail, ABŞ və İranın iştirakı ilə münaqişənin kəskinləşdiyi mart ayında ehtiyat tədbiri kimi dayandırmışdı.
Bu qərar Səudiyyə Ərəbistanı birjasında təmsil olunan "ADES Holding" dəniz qazma podratçısının analoji bəyanatından sonra verilib. Həmin şirkət də Krallıqdakı bütün müvəqqəti dayandırılmış dəniz qazma qurğularının fəaliyyətinin bərpa olunması barədə bildiriş aldığını bəyan etmişdi.
Donanmasının həcminə görə ölkənin ən böyük qazma podratçısı yaydığı bəyanatda bildirib ki, işlərin bərpası haqqında xəbərdarlıqlar dəniz qazma bazarındakı dirçəlişi əks etdirir, şirkətin əməliyyat hazırlığını, nizam-intizamlı icra mexanizmini və artan tələbata çevik cavab vermək qabiliyyətini nümayiş etdirir.
"Bu qazma qurğularının yenidən işə düşməsi şirkətimiz üçün mühüm mərhələdir və dəniz qazma sektorunun gələcək perspektivlərinə inamımızı daha da möhkəmləndirir. Fəaliyyətimiz yaxşılaşmağa davam etdikcə, səhmdarlarımız üçün davamlı artım və uzunmüddətli dəyər yaradarkən təhlükəsizlik, əməliyyat göstəriciləri və xidmət keyfiyyətinin ən yüksək standartlarını qorumaq öhdəliyimizə sadiq qalırıq"-deyə, "Arabian Drilling" şirkətinin icraçı direktoru Fəhd Əl-Bani bildirib.
"ADES Holding" də öz bəyanatında qeyd edib ki, işlərin bərpası qazma qurğularından istifadə dərəcəsinin təxminən 90 faiz səviyyəsində qalması və günlük icarə haqqının sabitliyini qoruması ilə dəniz qazma bazarının fundamental gücünü göstərir.
Dəniz qazma qurğularının müvəqqəti dayandırılması ilin ilk yarısında "Arabian Drilling" şirkətinin gəlirlərinə mənfi təsir göstərib. Şirkət iyunun 30-da başa çatan altı ay ərzində 24.5 milyon Səudiyyə riyalı (6.53 milyon dollar) xalis zərər etdiyini bildirib. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə 82.7 milyon Səudiyyə riyalı xalis mənfəət qeydə alınmışdı.
Maliyyə birjasının bəyanatında qeyd olunub ki, ilk yarımildəki xalis zərər həmin dövrdə bəzi dəniz qazma əməliyyatlarının dayandırılması səbəbindən gəlirlərin 10.56 faiz azalması ilə bağlıdır.
İkinci rübdə şirkət ötən ilin eyni dövründəki 7.48 milyon Səudiyyə riyalı xalis mənfəətdən 31.5 milyon Səudiyyə riyalı xalis zərərə geriləyib.