BAKI,VOA Analitik Təhlil Mərkəzi
ABŞ-da son bir il ərzində müsəlman siyasətçilərin mühüm seçki qələbələri ölkədə müsəlmanların siyasi təsirinin artması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Nyu-York ilk dəfə müsəlman meri seçib, Virciniyada ilk müsəlman qadın ştat səviyyəsində icraedici vəzifəyə yüksəlib, Miçiqanda isə müsəlman namizəd Senata gedən yolda mühüm uğur qazanıb.
Müşahidəçilərin fikrincə, bu uğurlar vahid müsəlman siyasi blokunun formalaşdığını deyil, fərqli sosial təbəqələrdən dəstək ala bilən yeni nəsil siyasətçilərin meydana çıxdığını göstərir.
2025-ci ilin noyabrında Zohran Məmdani Nyu-York şəhərinin ilk müsəlman meri, həmçinin Cənubi Asiya mənşəli və Afrikada doğulmuş ilk mer seçilib. Həmin gün Qəzalə Haşimi Virciniya ştatının vitse-qubernatoru seçilərək bu səviyyədə vəzifə qazanan ilk müsəlman qadın olub.
2026-cı il avqustun 5-də isə Əbdürrəhman əs-Səid Miçiqan ştatından ABŞ Senatına Demokratlar Partiyasının namizədi seçilib. O, qələbəsindən sonra çıxışında boks əfsanəsi Məhəmməd Əlinin məşhur ifadəsinə istinad edərək, "Biz dünyanı silkələdik", - deyib.
Müsəlmanlar vahid siyasi blok deyil
Ekspertlərin fikrincə, ABŞ müsəlmanları vahid siyasi xətt üzrə hərəkət etmirlər.
Onların arasında Konqres üzvləri, ştat rəsmiləri, şəhər rəhbərləri və federal seçkilərdə iştirak edən siyasətçilər var. Hər birinin seçki bazası, prioritetləri və siyasi strategiyası fərqlənir.
Mmüsəlmanlar ABŞ-də yetkin əhalisinin bir faizindən bir qədər çoxunu təşkil edir. Onların 53 faizi Demokratlar Partiyasına yaxın olduğunu bildirir, 42 faizi isə Respublikaçılar Partısını dəstəkləyir və ya ona meyllidir.
Müsəlman seçicilər miqrasiya, müxtəliflik və dövlətin sosial siyasəti kimi məsələlərdə daha çox demokratlara yaxın olsalar da, ailə dəyərləri və bəzi sosial məsələlərdə respublikaçılarla oxşar mövqelər nümayiş etdirirlər.
Qəzza müharibəsi siyasi fəallığı artırdı
Qəzza müharibəsi ABŞ-də yaşayan ərəb və müsəlman icmalarının siyasi fəallığını gücləndirib.
Bu fonda Demokratlar Partiyası daxilində formalaşan "Uncommitted" ("Qəti mövqe bildirməyən") hərəkatı seçiciləri Co Baydeni dəstəkləməməyə çağıraraq administrasiyanın Qəzza siyasətinə etiraz edib.
2024-cü ildə Miçiqanda keçirilən Demokratlar Partiyasının ilkin seçkilərində seçicilərin 13 faizdən çoxu həmin etiraz variantına səs verib.
Bununla yanaşı, analitiklər bildirirlər ki, müsəlman siyasətçilərin yüksəlişi yalnız Qəzza müharibəsi ilə bağlı deyil. Bu proses 2007-ci ildə Keyt Ellisonun ABŞ Konqresinə seçilməsi ilə başlayıb. Sonrakı illərdə Andre Karson, İlhan Ömər, Rəşidə Tlaib və Lətifə Saymon da Konqresə seçilərək müsəlman təmsilçiliyini genişləndiriblər.
Uğurun əsasında iqtisadi proqram dayanır
Ekspertlər vurğulayır ki, son seçki uğurlarının əsas səbəbi dini kimlik deyil, sosial-iqtisadi gündəlik olub.
Əbdürrəhman əs-Səid seçki kampaniyasında səhiyyənin əlçatanlığı, siyasətdə pulun təsirinin azaldılması və sosial bərabərlik kimi məsələləri ön plana çıxarıb.
Zohran Məmdani isə mənzil kirayələrinin dondurulması, pulsuz uşaq baxımı, ictimai nəqliyyatın inkişafı və şəhərə məxsus ərzaq mağazalarının yaradılması kimi vədlərlə seçicilərin dəstəyini qazanıb.
Qəzalə Haşimi də kampaniyasını əsasən yaşayış xərclərinin azaldılması, təhsil və səhiyyə islahatları üzərində qurub.
Ekspertlər hesab edirlər ki, bu siyasətçilər müsəlman kimliklərini gizlətməsələr də, onu əsas seçki platformasına çevirməyərək daha geniş seçici auditoriyasına xitab edə biliblər.
Könüllülər siyasi kampaniyalarda mühüm rol oynayıb
Zohran Məmdaninin seçki qərargahında ilkin mərhələdə 300-ə yaxın könüllü fəaliyyət göstərirdisə, kampaniyanın sonuna doğru onların sayı 10 min nəfəri keçib.
Əbdürrəhman əs-Səidin komandası isə cəmi dörd əməkdaşla fəaliyyətə başlayıb. Daha sonra kampaniya 110 şəhəri əhatə edib, 500-dən çox tədbir keçirilib və 12 minə yaxın könüllü cəlb olunub.
Əs-Səid seçki yarışında 60 milyon dollardan çox xarici maliyyə dəstəyi alan rəqibinə qalib gəlib.
Qarşıdakı əsas sınaq Senat seçkiləridir
Əbdürrəhman əs-Səid üçün növbəti əsas mərhələ noyabr ayında keçiriləcək ABŞ Senatı seçkiləri olacaq.
Miçiqan ənənəvi olaraq əsas mübarizə aparılan ştatlardan biri hesab edilir və burada nəticə Senatda qüvvələr balansına təsir göstərə bilər.
Eyni zamanda, son illərdə Respublikaçılar Partiyasının bəzi üzvləri arasında müsəlmanlara qarşı sərt ritorika da güclənib. Məlumata görə, 2026-cı ilin iyun ayına qədər "Şəriətsiz Amerika" adlı konqres qrupuna 25 ştatdan 68 respublikaçı konqresmen qoşulub.
Analitiklər bildirirlər ki, bu tendensiya hüquqi təhlükədən daha çox, müsəlman mövzusunun müəyyən siyasi dairələr tərəfindən seçici səfərbərliyi vasitəsi kimi istifadə olunduğunu göstərir.
Ekspertlər vurğulayır ki, ABŞ-də müsəlman siyasətçilərin əsas üstünlüyü artıq yalnız müsəlman seçicilərin səsini toplamaq deyil, müxtəlif etnik və dini qruplardan olan amerikalıları ümumi sosial-iqtisadi proqram ətrafında birləşdirə bilmələridir.