Bakı. AzerVoice:
İnanırıq ki, bu qətliamı tez bir zamanda dayandırmaq, atəşkəs təmin etmək və diplomatiyadan istifadə edərək iki dövlət həllini həyata keçirmək həm İsrail xalqının, həm Fələstin xalqının, həm də bölgə xalqının xeyrinə olacaq.
AzerVoice-un məlumatına görə, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan deyib.
"Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasətdə İslam dünyasında əməkdaşlığın institutsionallaşdırılması və islami əməkdaşlıq təşkilatlarının daha fəal olması üçün çox çalışırıq. İslam dünyasının problemlərinin həllində öz səylərini nümayiş etdirmək, İslam dünyasını bütün dünyaya təmsil etmək və üstün bir vəzifə yerinə yetirmək üçün İslam Əməkdaşlıq Təşkilatı (İƏT) daxilindəki bütün qurum və təşkilatlara hər cür dəstəyi veririk",-deyə o bildirib.
İƏT-in iqtisadiyyatdan maliyyə təhsili və mədəniyyətinə qədər geniş bir sahədə fəaliyyət göstərdiyinə diqqət çəkən Fidan qeyd edib ki, hər kəsin çoxdandır ki, İslam cəmiyyətlərinin gənclər sahəsində qarşılıqlı əlaqəsini təmin edəcək platformaya ehtiyac hiss edir.
Fidan yenidən İCYF-nin prezidenti seçilən Taha Ayxanı və Azərbaycanda keçirilən seçkilərdə qalib gələn Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
İslam dünyasının müxtəlif çətinliklərlə üzləşdiyini bildirən Fidan vurğulayıb ki, bunlar siyasi, intellektual, iqtisadi və yaxşı idarəçilik kimi bir çox sahədə təsnif edilə bilən çətinliklərdir.
Xarici işlər naziri Fidan, digər ölkələrdə müsəlmanlara qarşı əhval-ruhiyyənin, müsəlmanların və İslamın aşağılanmasının, kimliklərinə görə nifrət edilməsinin, təhqir olunmasının, ayrı-seçkiliyə məruz qalmasının, müsəlmanlara qarşı düşmənçilik əsasında siyasətin aparılmasının artan tendensiyaya çevrildiyinə diqqət çəkib.
"Dünya müsəlmanları olaraq bu problemin mənbəyinə varıb ona qarşı mübarizə aparmalıyıq. İslamı ən yaxşı şəkildə təmsil etmək üçün əlimizdən gələni etməliyik. Xüsusilə, Qərb mərkəzli düşmənçilik İslama və Qurana qarşı düşmənçiliyə, fiziki müdaxilə və təhqirə çevrilib. Quranı yandırmağın, müxtəlif üsullarla Quranı təhqir etməyin çoxaldığı bir mühitdə davamlı olaraq müsəlmanları təxribata çəkmək və onların vasitəsilə düşmənçilik yolu ilə hakimiyyəti ələ keçirməyə çalışmaq əslində vaxtı çoxdan keçmiş bir siyasət üsulu olmalıdır, lakin təəssüf ki, Qərbdə getdikcə daha çox yayılmışdır",- deyə o vurğulayıb.
Dünya ictimai rəyinin, xüsusilə də Qərb dövlətlərinin İsrailin qətliamlarına ya susduğunu, ya da dəstək verdiyini ifadə edən Fidan bildirib ki, bu susqunluq, bu qətliamın tərəfi olmaq, bu soyqırım dünya nizamının əsaslarını sarsıdan bir inkişafdır. Bu, beynəlxalq hüququn artıq heç bir əsasının olmadığını göstərən bir qiymətləndirmədir.
Aytac Süleymanova
Twitter: a_alieva_