#Qəzzada müharibədən sonrakı vəziyyət

Fələstindəki məlumatlı mənbələr Qəzza zolağını müvəqqəti idarə edəcək texnokratlar komitəsinin əksər üzvləri barədə razılığın əldə olunduğunu bildiriblər. 18 nəfərdən ibarət olacaq komitənin tərkibinə Qəzzada yaşayan iş adamları, akademiklər və vətəndaş cəmiyyəti fəalları daxildir. Təsdiqlənmiş üzvlərə çərşənbə günü Misirin paytaxtı Qahirəyə yollanmaq barədə məlumat verilib. Bildirilir ki, siyahıda Fələstin Muxtariyyətinin Nəqliyyat Nazirliyinin keçmiş katibi Əli Şaat, mühəndis Bəşir ər-Rayyes, Fələstin Tibbi Yardım Cəmiyyətinin direktoru Aed Yaği və Fələstin Universitetinin prezidenti Caber əl-Daour kimi tanınmış şəxslər yer alıb.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder Qəzzada təxminən üç aydır davam edən atəşkəs rejiminə baxmayaraq 100-dən çox uşağın öldürüldüyünü açıqlayıb. BMT-nin Cenevrə ofisində keçirilən həftəlik mətbuat konfransına onlayn qatılan Elder Qəzzadakı vəziyyəti dəyərləndirib. Onun sözlərinə görə, 19 oktyabr 2025-ci ildə başlayan atəşkəsdən bəri hər gün orta hesabla bir uşaq həyatını itirib. Elder atəşkəs dövründə bombardmanların və hücumların tam dayanmadığını, Qəzzada həyatın uşaqlar üçün boğucu olmağa davam etdiyini vurğulayıb.

Qəzza zolağında didərgin düşmüş fələstinlilər üçün qurulan 135 min çadırdan 127 mininin ağır qış şərtləri səbəbindən sığınacaq üçün yararsız hala gəldiyi açıqlanıb. Qəzzadakı Hökumətin Medya Ofisinin rəhbəri İsmayıl əs-Sevabite bölgədəki ailələrin köhnəlmiş çadırlarda və təcrid olunmuş ərazilərdə yaşadığını bildirib. O qeyd edib ki, ərazidə qütb mənşəli kəskin soyuqların təsiri nəticəsində çadırların böyük əksəriyyəti öz funksiyasını itirib. Hazırda bölgədə yorğan, döşək və sığınacaq böhranı boğucu həddə çatıb.

İsrail ordusu əldə olunmuş atəşkəs razılaşmasına məhəl qoymayaraq, Qəzza zolağının müxtəlif nöqtələrinə artilleriya və hava zərbələri endirməkdə davam edir. Yerli mənbələrdən alınan məlumata görə, İsrail ordusuna məxsus hərbi texnikalar Qəzzanın cənubundakı Xan Yunis şəhərinin şərq hissəsini atəşə tutub. Eyni zamanda, Rəfah şəhərinin qərbində yerləşən Mevasi bölgəsinin cənub hissəsi də artilleriya atəşinə məruz qalıb.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Qəzzanın bölünməsini qəti şəkildə rədd etdiklərini bildirib və İsrailin Qəzzanın heç bir hissəsində legitimliyinin olmadığını bəyan edib. Abbas “Fəth” Hərəkatının İnqilab Şurasının 13-cü dövr açılışında çıxışı zamanı Fələstin Dövlətinin Qəzza, Qərbi Şəriə və Şərqi Qüdsü əhatə edən vahid və bölünməz coğrafi-siyasi bütöv olduğunu vurğulayıb. O, əsas prioritetlərin Qəzzada atəşkəsin daimi xarakter alması və humanitar yardımların dərhal bölgəyə daxil olmasının təmin edilməsi olduğunu deyib.

İsrail ordusunun Qəzza Zolağının şimalında yerləşən Cibaliya Qaçqın Düşərgəsində açdığı atəş nəticəsində 11 yaşlı Fələstinli qız həlak olub. Xəstəxana mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu atəşkəs çərçivəsində geri çəkildiyi düşərgədə təhlükəsizliyi pozaraq təsadüfi atəş açıb. Kampta yaşayan 11 yaşlı Hemse Nidal Husu, İsrail əsgərlərinin açdığı atəş nəticəsində həyatını itirib.

Kembric Universiteti tərəfindən aparılan yeni araşdırma İsrailin hücumları nəticəsində Qəzzadakı uşaqların fiziki cəhətdən tükəndiyini, ağır psixoloji travmalar yaşadığını və artıq oyun oynamaq, təhsil almaq kimi gündəlik fəaliyyətləri yerinə yetirə bilmədiyini ortaya qoyub. 2024-cü ildə aparılmış tədqiqatın davamı olan hesabat müharibənin Qəzzadakı uşaqların həyatını necə kökündən dəyişdiyini sənədləşdirir. Araşdırmada məktəblərin dağıdılması və ya bağlanması, davamlı zorakılıq, aclıq və psixoloji təzyiqlərin normal uşaqlıq anlayışını demək olar ki, tamamilə aradan qaldırdığı vurğulanır.

Fələstinli Jurnalistlər Birliyi bildirib ki, İsrail qüvvələri dekabr ayında fələstinli jurnalistlərə qarşı öldürmə, yaralama, saxlanılma, hücum və xəbər izləməsinin əngəllənməsini əhatə edən 99 pozuntu həyata keçirib. Birliyin “Mətbuat azadlığının reallığı” adlı aylıq hesabatında qeyd olunub ki, bu dövrdə İsrail qüvvələri fələstinli jurnalistləri sistemli şəkildə hədəfə alıb, təzyiq və məhdudiyyətlər yüksək səviyyədə davam edib. İsrail qüvvələrinin həyat və təhlükəsizliyə yönəlmiş ağır pozuntuları çərçivəsində Qəzza zolağında vəzifəsini yerinə yetirərkən bir jurnalistin həlak olduğu, birbaşa hədəfə alma və bombardman nəticəsində iki jurnalistin yaralandığı, həmçinin iki jurnalistin yaxınlarının həyatını itirdiyi bildirilib.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş cümə günü İsraili Qəzzada humanitar yardım göstərən qurumlara tətbiq olunan qadağanı dayandırmağa çağırıb. Quterreş bu qərarla bağlı “dərin narahatlıq” keçirdiyini bildirib. BMT baş katibinin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanata görə, Quterreş bu tədbirin geri götürülməsini tələb edərək vurğulayıb ki, beynəlxalq qeyri-hökumət təşkilatları həyati əhəmiyyət daşıyan humanitar fəaliyyət üçün vazkeçilməzdir və onların fəaliyyətinin dayandırılması atəşkəs dövründə əldə olunan kövrək irəliləyişi risk altına qoya bilər.

İsrail ordusunun Qəzza zolağına endirdiyi hücumlar nəticəsində son 48 saat ərzində daha 12 nəfər həlak olub, ümumi ölənlərin sayı 70 min 937-yə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada İsrailin hücumları nəticəsində baş verən itkilər və dağıntılar altından çıxarılan meyitlərlə bağlı son məlumatlar açıqlanıb. Bildirilib ki, son 48 saat ərzində İsrailin hücumları nəticəsində, 8-i dağıntılar altından çıxarılmaqla 12 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb. Eyni zamanda 7 yaralının da tibbi müəssisələrə yerləşdirildiyi qeyd olunub.

Birləşmiş Millətlər Təşkilatı (BMT) və humanitar yardım qurumları çərşənbə günü bildiriblər ki, İsrailin tətbiq etdiyi məhdudiyyətlər aradan qaldırılmasa, Fələstin ərazilərində, xüsusilə Qəzza zolağında humanitar əməliyyatlar çökmə riski ilə qarşı-qarşıyadır. Yardım təşkilatları İsrailin tətbiq etdiyi qeydiyyat prosesini “qeyri-müəyyən, ixtiyari və yüksək dərəcədə siyasiləşdirilmiş” adlandırıblar. BMT və 200-dən çox yerli və beynəlxalq yardım təşkilatının birgə bəyanatında bildirilib ki, onlarla beynəlxalq qeyri-hökumət təşkilatı (INGO) dekabrın 31-dək qeydiyyatdan çıxarılmaq təhlükəsi ilə üzləşir. Bu isə onların 60 gün ərzində fəaliyyətini tam dayandırması deməkdir.