#Qəzzanın yenidənqurma xərcləri

İsrail ordusunun 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayı dəhşətli həddə — 72 min 73 nəfərə çatıb. Qəzzadakı Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada bildirilir ki, beynəlxalq ictimaiyyətin bütün çağırışlarına və 2025-ci ilin oktyabrında əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, bölgədə qan tökülməsi hələ də davam edir. Xüsusilə son 24 saat ərzində Qəzzadakı tibb müəssisələrinə daha 1 ölü və 8 yaralının gətirilməsi bölgədəki gərginliyin hələ də kritik həddə olduğunu göstərir.

Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas, Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi verdiyi bəqlanatlarda Qəzza zolağında sülh prosesinin mühüm tərəfdaşı olmaq istədiklərini bəyan edib. Kallas vurğulayıb ki, Fələstin polisinin təlim keçməsi və bölgədə asayişin təmin olunması üçün İsrail tərəfinin rəsmi icazəsi lazımdır. O, həmçinin İordaniya və Misirlə bu mövzuda razılıqların əldə olunduğunu diqqətə çatdırıb.

BMT cümə aqşamı günü yaydığı bəyanatda İsrailin intensiv hücumları və fələstinli mülki şəxslərin məcburi köçürülməsi nəticəsində Qəzza zolağı və İordan çayının qərb sahilində (Qərbi Şəria) "etnik təmizləmə" baş verməsi ehtimalından ciddi narahatlığını ifadə edib. Bu haqda BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında deyilir. "İntensiv hücumlar, bütün məhəllələrin sistematik şəkildə dağıdılması və humanitar yardımın qarşısının alınması Qəzzada qalıcı demoqrafik dəyişiklik yaratmaq məqsədi daşıyır." Hesabatda həmçinin vurğulanır ki,bu hərəkətlər fələstinlilərin daimi olaraq didərgin salınması məqsədi güdür və bu, həm Qəzzada, həm də İordan çayının qərb sahilində etnik təmizləmə ilə bağlı ciddi suallar doğurur.-deyə hesabatda qeyd olunub.

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak edəcək. Hakan Fidan toplantıya Rəcəb Tayyib Ərdoğan-ı təmsil edərək qatılacaq. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, Türkiyənin təsisçi üzvlərindən olduğu Sülh Şurasının ilk iclasında nazir regional sülh və Qəzzanın gələcəyi ilə bağlı Ankaranın prinsipial mövqeyini beynəlxalq ictimaiyyətə çatdıracaq.

İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərində tunellərdə mühasirədə qalan daha 9 fələstinlinin öldürüldüyünü açıqlayıb. Ordunun məlumatına görə, ötən həftə tunellərdən çıxdığı iddia edilən şəxslərlə toqquşma zamanı 3 nəfər yaxın məsafədən vurularaq öldürülüb. Dünən aparılan axtarış əməliyyatları zamanı isə daha 6 fələstinlinin həyatını itirdiyi bildirilib. İsrail tərəfi bölgədə əməliyyatların davam edəcəyini qeyd edib.

İsrail ordusu işğal altındakı Qərb Sahili və Qüdsün müxtəlif bölgələrində keçirdiyi reydlər zamanı 3-ü qadın olmaqla 44 fələstinlini saxlayıb. Yerli mənbələrin məlumatına görə, əməliyyatlar Nablus və Əl-Xəlil şəhərlərində, eləcə də Qüdsün şimalındakı Kəfr Akab qəsəbəsində həyata keçirilib. Nablusda saxlanılanlar arasında keçmiş Fələstin Qanunvericilik Şurasının üzvü Davud Əbu Seyr, bir neçə sabiq məhbus və üç qadın da var. Şəhərdə ümumilikdə 30 nəfər saxlanılıb. Əl-Xəlildə 7, Deyr əl-Qusun qəsəbəsində 6 nəfər, Kəfr Akabda isə 1 nəfər saxlanılıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani İsrailin işğal altındakı Qərb Sahilində atdığı addımların qanunsuz ilhaqı gücləndirdiyini və bunun beynəlxalq hüquqa zidd olduğunu bildirib. Şamdasani Anadolu Agentliyinin suallarına yazılı cavabında İsrailin Fələstin administrasiyasının nəzarətində olan ərazilərdə nəzarət tədbirlərini artırmaq qərarını qınayıb. Onun sözlərinə görə, bu addımlar rəsmi deportasiya olmadan təzyiq yolu ilə məcburi köçürməni asanlaşdıran şərait yaradır.

İndoneziya Qəzza zolağı kimi münaqişə zonalarında yerləşdirilmək üçün 5 min ilə 8 min arasında şəxsi heyətin hazırlanmasına başladığını rəsmən elan edib. İndoneziya Milli Silahlı Qüvvələrinin (TNI) komandanı general Maruli Simancuntak bildirib ki, hərbçilərin hazırlıq prosesi artıq start götürüb. Komandanın sözlərinə görə, göndəriləcək əsgərlərin dəqiq sayı və missiyaya başlayacağı tarix hələlik tam dəqiqləşməsə də, hazırlıqlar briqada səviyyəsində (təxminən 5-8 min nəfər) davam etdirilir.

Qəzzadakı Fələstin hökumətinin Media Ofisi tərəfindən yayımlanan rəsmi hesabata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs razılaşmasından keçən 4 aylıq müddət ərzində İsrail ordusu tərəfindən sistematik qanun pozuntuları qeydə alınıb. Hesabatda bildirilir ki, İsrail bu müddətdə razılaşmanı 1620 dəfə pozub və beynəlxalq humanitar hüququn prinsiplərini qəsdən sarsıdıb. İsrail ordusunun pozuntuları arasında 560 dəfə birbaşa atəş açılması, 79 dəfə hərbi texnika ilə yaşayış məntəqələrinə daxil olma, 749 dəfə bombardman və 232 yaşayış binasının partladılması yer alır.

7 oktyabr 2023-cü ildə Qəzza zolağında müharibənin başlamasından sonra İsrail tərəfindən iş icazələri ləğv edilən təxminən 100 min fələstinli ağır iqtisadi böhranla üz-üzədir. İordan çayının qərb sahilində iş yerlərinin məhdud, maaşların isə İsrailə nisbətən qat-qat aşağı olması səbəbindən minlərlə ailə aclıq həddində yaşayır. Dünya Bankı bölgə iqtisadiyyatının İsrailin məhdudiyyətləri səbəbindən tamamilə çökə biləcəyi barədə xəbərdarlıq edib.

Qəzza Mətbuat Ofisinin verdiyi son məlumata görə, 10 oktyabr 2025-ci ildə qüvvəyə minmiş atəşkəs rejiminə baxmayaraq, İsrail ordusu Qəzza zolağında hücumlarını və soyqırım siyasətini davam etdirir. 4 fevral 2026-cı il tarixinədək olan 115 günlük dövr ərzində İsrailin atəşkəsi 1520 dəfə pozduğu rəsmən açıqlanıb. Bu müddətdə 556 fələstinli həyatını itirib, 1500-dən çox insan isə yaralanıb.

İsrail ordusu atəşkəsə rəğmən Qəzza zolağının müxtəlif bölgələrinə istiqamətlənmiş hücumlarını davam etdirərkən, Xan Yunisdə ayaqda qalan binaları da partlayıcılarla havaya uçurub. İsrail 10 oktyabrdan bəri qüvvədə olan atəşkəs razılaşmasını pozmağa davam edir. Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini və bölgənin şimalında yerləşən Cibaliya qəsəbəsinin şərq hissəsini hədəf alıb.