#Donald Tramp və Qəzza planı

Avropa Birliyi (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti Ali Nümayəndəsi Kaja Kallas Qəzzada atəşkəs planının uğur qazanması üçün beynəlxalq dəstəyin vacib olduğunu və Birliyin üzərinə düşəni etməyə hazır olduğunu açıqlayıb. Kallas Amerikanın X sosial media platformasında paylaşımında bu gün Yaxın Şərqdə “nadir görülən bir ümid anı”na şahidlik edildiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp Qəzzada əldə olunan atəşkəsin ardından 4 saatdan az davam edəcək səfər çərçivəsində İsrailə gəlib. Trampı daşıyan təyyarə Təl-Əviv yaxınlığındakı Ben Gurion Hava Limanına enib. Qəzzada əldə olunan atəşkəsdən sonra bölgəyə gələn Tramp Ben Gurion Hava Limanında rəsmi mərasimlə qarşılanıb. Onu İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və bir çox nazir və rəsmi şəxs qarşılayıb.

İsrail Prezidenti İshaq Hersoq ABŞ Prezidenti Donald Trampa ölkənin ən yüksək mülki ordenini təqdim edəcəyini açıqlayıb. Təltif qərarı Trampın Qəzzada girovların azad edilməsində və müharibənin dayandırılmasında göstərdiyi səylərə görə qəbul edilib. Prezident Hersoqun ofisindən yayılan bəyanatda bildirilib ki, “Tramp tükənməz səyləri ilə təkcə sevdiklərimizin vətənə qayıtmasına kömək etmədi, həm də Yaxın Şərqdə təhlükəsizlik, əməkdaşlıq və sülhə əsaslanan yeni dövrün təməlini qoydu. Onu İsrailin Prezident Şərəf Ordeni ilə təltif etmək mənim üçün böyük şərəf olacaq”.

ABŞ-ın prezidenti Donald Trampın İsrailə planlaşdırılan səfəri çərçivəsində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd C-17 “Globemaster III” tipli hərbi nəqliyyat təyyarəsi İsrailə doğru yola düşüb. Bu barədə məlumatı İsrailin 12-ci kanalı yayıb. Bildirilib ki, təyyarələrin göndərilməsi Trampın səfərinə hazırlıq məqsədi daşıyır. C-17 tipli təyyarələr əsasən strateji və taktiki daşımalar, hərbi personal və texnikanın beynəlxalq miqyasda nəqli üçün istifadə olunur.

ABŞ prezidenti Donald Tramp gələn həftə Misirə səfəri zamanı Qəzza zolağında münaqişənin həlli ilə bağlı bir sıra ölkələrin liderləri ilə görüş keçirməyi planlaşdırır. Bildirilib ki, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Qətər, BƏƏ, İordaniya, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və İndoneziya liderlərinin və ya xarici işlər nazirlərinin iştirakı gözlənilir.

ABŞ-ın prezidenti Donald Tramp, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılaşmasının pozulmasına icazə verməyəcəyini vəd edib. Adı açıqlanmayan amerikalı rəsmilərə istinadən yayımlanan xəbərdə, İsrailin mart ayında əldə olunan əvvəlki atəşkəs razılaşmasını pozduğu xatırladılıb. Bu səbəbdən Həmas tərəfi yenidən oxşar nəticənin ortaya çıxacağından narahat olduğunu bildirib.

İsrail ordusu atəşkəsin qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağının müxtəlif bölgələrinə hücumlarını davam etdirir. Hadisə şahidlərindən əldə edilən məlumata görə, İsrail ordusuna məxsus qırıcı təyyarələr və artilleriya birlikləri bu gecə atəşkəs razılaşması təsdiqləndikdən sonra səhər saatlarında Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin şərq hissəsini hədəfə alıblar.