Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.
#HƏMAS girovları
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinə qarşı quru əməliyyatı başlamazdan əvvəl bölgədə saxlanılan israilli əsirlərlə bağlı iclas keçirəcək. AzerVoice-un məlumatına görə, iclasda quru hücumu zamanı əsirlərə zərər dəyməməsi üçün görüləcək tədbirlər, eləcə də digər məsələlər müzakirə olunacaq. Toplantıda müdafiə naziri İsrael Katz, xarici işlər naziri Gideon Saar, strateji məsələlər naziri Ron Dermer, millət vəkili Aryeh Deri, Baş Qərargah rəisi Eyal Zamir və milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbi iştirak edəcək.
Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.
İsrail ordusu HƏMAS liderlərini, o cümlədən digər ölkələrdəki fiqurlarını da hədəfə alaraq öldürməyə hazırdır. Bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir açıqlayıb. “İsrail Müdafiə Qüvvələri bütün istiqamətlərdə və istənilən vaxt təşəbbüsü və əməliyyat üstünlüyünü qoruyaraq hücum əməliyyatları aparır. Dünən Qəzzada HƏMAS-ın yüksək rütbəli liderlərindən biri – Əbu Ubeydəyə zərbə endirdik. HƏMAS rəhbərliyinin böyük hissəsi artıq aradan götürülüb. Əməliyyatlarımız hələ başa çatmayıb, qalan rəhbərlərin çoxu xaricdədir və biz onlara da çatacağıq” – deyə Zamir bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı Misir və Qətər vasitəçilərinin təqdim etdiyi və HƏMAS-ın da qəbul etdiyi son təklifi rədd edib. İsrail İctimai Yayım Şirkətinin məlumatına əsasən, Netanyahu qismən razılaşmanı rədd edərək bütün girovların eyni anda azad olunmasını tələb edib və “Heç bir girovu arxada qoymayacağıq” - deyə bildirib.
HƏMAS Qəzza zolağında atəşkəs barədə təklifə müsbət cavab verdiyini rəsmi olaraq təsdiqləyib. Müvafiq bəyanat HƏMAS-ın “Telegram” kanalında dərc olunub. “HƏMAS və digər fələstinli fraksiyalar Misir və Qətərdən ötən gün onlara təqdim edilən atəşkəs təklifinə razılıqlarını vasitəçilərə çatdırıblar”, – bəyanatda qeyd olunub.
HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.
Qahirədə keçirilən və “gərgin” adlandırılan görüşdən sonra bəzi fələstinli fraksiyalarla HƏMAS arasında mövqelərdə açıq fərqlərin ortaya çıxdığı görülsə də, hərəkatın mövqeyi dəyişərək İsrailin Qəzza şəhərini işğal etməsinin və təxminən 1 milyon fələstinlinin yenidən cənuba köçürülməsinin qarşısını almağa yönəlmiş razılaşmaya daha açıq münasibət nümayiş etdirdi.
İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS tərəfindən istifadə olunan 7 kilometrlik yeraltı tuneli bağladığını açıqlayıb. Bu barədə ordunun rəsmi saytında yayımladığı bəyanatda deyilir. Bildirilib ki, Beyt Hanun bölgəsində aparılan əməliyyat zamanı tunel xəttinə 20 min kubmetrdən çox izolyasiya materialı doldurulub.
Əl-Əzhər Universitetinin Qəzza ilə bağlı yayımladığı bəyanatın silinməsi siyasi dairələrdə qalmaqala səbəb olub. Bəyanatın silinməsi arxasında hökumət təzyiqlərinin olub-olmaması müzakirə olunur.
İsrail, 21 aydan artıq davam edən müharibə səbəbindən mühasirəyə alınmış və dağıdılmış Qəzza zolağında hökm sürən fəlakətli humanitar vəziyyətə görə beynəlxalq təzyiqlərlə üz-üzədir.
ABŞ prezidenti Tramp Qəzzada saxlanılan 10 girovun tezliklə azad olunacağını açıqlayıb.