#Uşaq ölümü Qəzza

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin sakinlərinə dərhal ərazini tərk etmələri barədə xəbərdarlıq edib. Bu çağırış İsrailin bölgəyə qarşı hava hücumlarını gücləndirəcəyini açıqlamasından bir neçə saat sonra edilib. “Qəzza sakinlərinə deyirəm: bu fürsətdən istifadə edin və məni diqqətlə dinləyin. Sizə xəbərdarlıq edildi – dərhal çıxın” - deyə Netanyahu bildirib. O əlavə edib ki, İsrail qüvvələri hazırda sıralarını bərpa edir və şəhərdə quru əməliyyatına hazırlaşmaq üçün toplaşır.

Türkiyə Qəzza əhalisinin yanındadır. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında səsləndirib. "Türkiyə, İsrailin baş naziri Benyamin Netanyahunun hökumətinin tamamilə nəzarəti itirdiyi bu çətin günlərdə, bütün imkanları ilə Qəzza əhalisinin yanındadır" – deyə, Ərdoğan bildirib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının 60-cı sessiyası BMT-nin Cenevrə Ofisində işə başlayıb. Sessiyaya İsveçrənin BMT Cenevrə Ofisindəki Daimi Nümayəndəsi, səfir Yurq Lauberin rəhbərliyi ilə start verilib. Açılışda çıxış edən BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Folker Türk İsrailin Qəzza zolağında törətdiyi hərəkətləri sərt şəkildə tənqid edib. O, İsrailin fələstinli mülki vətəndaşlara qarşı kütləvi qətliamlar həyata keçirdiyini, bu səbəbdən bölgədə təsvirolunmaz əzablar və genişmiqyaslı dağıntılar baş verdiyini bildirib. Türkün sözlərinə görə, İsrailin həyati əhəmiyyətli yardımların Qəzzəyə çatdırılmasına əngəl törətməsi nəticəsində insanlar aclıqdan ölür, jurnalistlər hədəfə alınır və ard-arda müharibə cinayətləri törədilir “Yüksək vəzifəli israilli rəsmilərin açıq şəkildə soyqırım ritorikasından istifadə etməsi və fələstinlilərin insanlıqdan çıxarılması məni dəhşətə gətirir,” – deyə Ali Komissar qeyd edib.

İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə – şimal, cənub və mərkəz hissələrinə yönəlik hücumlar həyata keçirib. Xəstəxana mənbələri və görən şahidlərin verdiyi məlumata görə, hücumlarda ümumilikdə 25 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb. Qəzzə şəhərinin şimal-qərbində yerləşən Şeyx Rıdvan məhəlləsində, Əhməd Yasin küçəsindəki iki yaşayış evinə endirilən hava zərbəsində 3 fələstinli ölüb, bir çoxu isə yaralanıb. Tammus qovşağı yaxınlığında yerindən edilmiş insanların sığındığı çadırın pilotsuz uçuş aparatı (PUA) tərəfindən hədəf alınması nəticəsində daha 3 nəfər həyatını itirib.

Qəzza zolağında səhiyyə vəziyyəti İsrail ordusunun həyata keçirdiyi hücumlardan sonra demək olar ki, tamamilə çöküb. Bunu BMT-nin Uşaq Fondu (UNICEF) üzrə regional sözçüsü Səlim Oveys bildirib. O, uşaqların sağlamlıq vəziyyətinin son dərəcə ağır olduğunu qeyd edib. Onun sözlərinə görə, 36 xəstəxanadan yalnız 18-i qismən fəaliyyət göstərir və indiyədək səhiyyə müəssisələrinə 746 hücum qeydə alınıb. Oveys əlavə edib ki, fəaliyyət göstərən xəstəxanalar dərman və əsas tibbi ləvazimatların ciddi çatışmazlığı ilə üzləşib. Su qıtlığı və kanalizasiya sistemlərinin dağılması isə dəri infeksiyaları, hepatit və meningit kimi xəstəliklərin yayılmasına səbəb olub. O qeyd edib ki, mövcud yardımlar kifayət etmir, logistik və təhlükəsizlik problemləri isə yardımın mülki əhaliyə çatdırılmasına mane olur. Onun sözlərinə görə, Qəzzada məktəblərin 95 faizindən çoxu zərər görüb, onların 88 faizi isə yenidən qurulmaya və ya tam bərpaya ehtiyac duyur.

İsrail ordusunun Qəzzaya son 24 saat ərzində həyata keçirdiyi hücumlarda 87 fələstinli həlak olub, 409 nəfər isə yaralanıb. Səhiyyə mənbələrinin verdiyi məlumata görə, İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərinin müxtəlif ərazilərində insanları, evləri, çadırları və sığınacaqları hədəfə alıb. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr şəhərin mərkəzində yerləşən Əl-Yermuk Stadionu yaxınlığında məcburi köçkünlərin sığındığı Əl-Farabi Məktəbini vurub. Hücum nəticəsində 8 nəfər həlak olub, çox sayda insan yaralanıb.

İsrailin hücumları və blokadası nəticəsində aclıq hökm sürən Qəzza zolağında son 24 saat ərzində aclıqdan ölənlərin sayı 5 nəfər artıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, ümumilikdə 138-i uşaq olmaqla həyatını itirənlərin sayı 387-yə çatıb.

Vaşinqton ilə HƏMAS arasında diplomatik təmaslar yenidən başlayıb. Lakin ABŞ administrasiyası İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dayandırmağı planlaşdırmır. Bu barədə “Israel Hayom” qəzeti məlumat yayıb. Məlumatda qeyd olunur ki, danışıqların bərpası Misir və Qətərin vasitəçilik cəhdlərinin müharibəni dayandıracaq bir formula gətirə bilməməsindən sonra mümkün olub.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.

“Telegraph” qəzetinin yazdığına görə, Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasında Qəzza müharibəsi fonunda İsrail baş naziri Benyamin Netanyahunun dəstəklənməsi məsələsi ciddi mübahisələr yaradıb. Məlumata görə, Tramp və vitse-prezident Cey Di Vensin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonda keçirilən Milli Mühafizəkar Hərəkatın illik toplantısında bayram əhvali-ruhiyyəsi gözlənilsə də, İsrail siyasəti barədə fikir ayrılığı tədbirə damğa vurub. Mühafizəkar çevrələrin bir qismi İsrailin Qəzzadakı müharibəsini dəstəkləməyin siyasi yükə çevrildiyini bildirir. “The American Conservative” jurnalının direktoru Kurt Mills konfransda çıxış edərək qeyd edib: “Tramp hərəkatı ideoloji baxımdan həqiqətən bütöv olmaq istəyirsə, istisna edə bilməyəcəyi ölkə İsraildir”.