İsrail hərbi qüvvələri Qüneytra vilayətinin mərkəzi hissəsində yerləşən Ruvayhinə kəndinə daxil olaraq bir Suriya vətəndaşını saxlayıblar. Suriya Ərəb Xəbər Agentliyinin (SANA) məlumatına görə, bazar günü axşam saatlarında iki "Humvee" tipli zirehli maşınla kəndə daxil olan İsrail hərbçiləri həmin şəxsi yaxınlıqdakı hərbi mövqelərə aparıblar.
#Suriyada hərbi əməliyyatlar 2025
Suriyanın cənubundakı Süveyda əyalətində Suriya hökuməti ilə Hikmət əl-Həcriyə bağlı qeyri-qanuni silahlı qruplaşmalar arasında əsir mübadiləsi baş tutub. Suriya Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşayiəti ilə reallaşan proses çərçivəsində tərəflər saxlanılan şəxsləri qarşılıqlı olaraq sərbəst buraxıblar. Məlumata görə, mübadilə zamanı Suriya hökuməti 61 nəfəri azad edib. Bunun müqabilində isə İsrail tərəfindən dəstəklənən dürzi lider Hikmət əl-Həcriyə tabe olan qruplaşmalar əvvəllər girov götürdükləri 25 nəfəri təhvil veriblər. Azad edilən şəxslərin sağlamlıq vəziyyətini yoxlamaq məqsədilə mülki müdafiə qrupları Süveydanın şimalındakı Almutanah keçid məntəqəsində hazır vəziyyətdə gözləyiblər.
Suriyanın Lazkiyə vilayətinin kənd ərazisində mina təmizləmə işləri zamanı partlayış baş verib, nəticədə 3 nəfər yaralanıb. Məlumata görə, hadisə Suriya ordusunun ərazidə apardığı mina zərərsizləşdirmə əməliyyatı zamanı qeydə alınıb. Yaralananlar arasında Anadolu Agentliyinin sərbəst müxbiri Şevket Akça, Suriya rəsmi agentliyi SANA-nın müxbiri Hasan Haşim və bir hərbçi var. Şrapnel və daş qəlpələrinin dəyib baş nahiyəsindən xəsarət alan jurnalistlər və digər yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, Şevket Akça və Hasan Haşimin həyati təhlükəsi yoxdur.
MHP sədri Devlet Bahçeli partiyasının TBMM-dəki qrup toplantısında çıxış edərək Suriyadakı son hadisələr və daxili təhlükəsizlik məsələləri ilə bağlı mühüm bəyanatlar verib. Bahçeli Dəməşq və Ankara arasındakı təhlükəsizlik əlaqəsinin strateji əhəmiyyətini vurğulayaraq Suriya xalqının birliyinin Türkiyə üçün vacib olduğunu bildirib. MHP lideri Suriyada baş verən son siyasi və hərbi dəyişikliklərin həm bölgə ölkələri, həm də Türkiyə üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd edib. "Dəməşqin təhlükəsizliyi Ankaranın təhlükəsizliyidir. Suriya xalqının səadəti, rifahı və birliyi Türk milləti ilə birdir və eynidir" deyən Bahçeli regiondakı sabitliyin birbaşa Türkiyənin milli maraqlarına təsir etdiyini vurğulayıb.
Səudiyyə Ərəbistanı Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunmuş tarixi razılaşmanı dəstəklədiyini bəyan edib. Krallığın Xarici İşlər Nazirliyi bazar ertəsi yaydığı bəyanatda Dəməşq ilə SDQ arasında əldə olunan 14 bəndlik sazişi müsbət addım kimi qiymətləndirib. Razılaşmaya əsasən, bütün SDQ qüvvələri Suriyanın Müdafiə və Daxili İşlər nazirliklərinin tərkibinə daxil ediləcək. Həmçinin kürd birləşmələrinin Fərat çayının şərqinə çəkilməsi və Deyr əz-Zor ilə Rəqqa vilayətlərinin idarəetməsinin dərhal mərkəzi hökumətə təhvil verilməsi nəzərdə tutulur. Sənədə görə, Suriya dövləti bölgədəki bütün sərhəd keçid məntəqələri, neft və qaz yataqları üzərində nəzarəti tam bərpa edəcək.
Suriya ordusu Hələbin şərq kəndlərində yerləşən Dəyr-Hafir bölgəsi üzərində tam hərbi nəzarəti təmin etdiyini elan edib. Bu uğurlu irəliləyişin ardınca ordu bölmələri Rəqqaya daxil olaraq vilayətin qərbindəki Dibsi-Afnan qəsəbəsini nəzarətə götürüb. Fərat çayının qərbində terror təşkilatı YPG/SDG-nin işğalı altında olan bölgələrə qarşı genişmiqyaslı əməliyyat başladan Suriya ordusu, Dəyr-Hafirdə terrorçuların yerləşdiyi nöqtələrin xəritəsini paylaşıb.
Suriya ordusu Hələb vilayətində hökumət qüvvələri ilə kürdlərin rəhbərlik etdiyi qruplaşmalar arasında gərginliyin artması səbəbindən mülki şəxslərin ərazini tərk etməsi üçün humanitar dəhliz açacağını elan edib. ordunun rəsmi bəyanatına əsasən, mülki əhali cümə axşamı saat 09.00-dan 17.00-dək açılacaq dəhliz vasitəsilə təhlükəsiz bölgələrə keçə biləcək. Bu addım ordunun Hələb şəhərindən təxminən 60 kilometr şərqdə yerləşən Deyr Hafir və Məskənə qəsəbələrində genişmiqyaslı hərbi əməliyyatlara başlamağa hazırlaşdığının siqnalı kimi qiymətləndirilir. Suriya hərbçiləri Suriya Demokratik Qüvvələrini (SDG) və digər silahlı qrupları Fərat çayının şərqinə çəkilməyə çağırıb.
Suriya hökumət qüvvələri ilə kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDG) arasında Hələb vilayətinin şərqində qarşılıqlı atəş açılması bölgədə gərginliyi pik həddə çatdırıb. Suriya ordusunun Hələbin şərqindəki bəzi əraziləri "qapalı hərbi zona" elan etməsindən sonra tərəflər arasında toqquşmalar başlayıb. SDG-nin bəyanatına görə, hökumət qüvvələri Deyr Hafir rayonunu artilleriya və raket atəşinə tutub, həmçinin partlayıcı yüklü dronlardan istifadə edib. Suriya dövlət televiziyası isə cavab olaraq SDG-nin Homeima kəndini dronlarla hədəf aldığını bildirib.
Suriya Müdafiə Nazirliyi Fərat çayının qərbində qalan YPG işğal altındakı bölgələri hərbi zona elan edərək bütün silahlı qruplaşmaların çayın şərqinə çəkilməsini tələb edib. Suriya ordusunun yerli mətbuatda dərc olunan rəsmi bəyanatında YPG və PKK terrorçuları ilə yanaşı, bəzi silahlı qrupların Fəratın qərbində qüvvə toplamağa davam etdiyi bildirilib. Məlumata görə, işğal edilən bu bölgələrdən Hələb şəhərinə kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumlar təşkil edilir. Məhz bu səbəbdən ordu hərbi əməliyyatlara hazırlıq məqsədilə sözügedən əraziləri hərbi zona elan edib.
Suriya Prezidenti Əhməd əş-Şaraanın media üzrə müşaviri Əhməd Müvəffəq Zeydan Hələbdə terror təşkilatı YPG ünsürlərinə qarşı həyata keçirilən əməliyyatın “xaosa yatırım edənlər üçün mühüm bir dərs” olduğunu bildirib. Zeydan ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Suriya təhlükəsizlik qüvvələrinin Hələbdə Şeyx Məqsud məhəlləsinə daxil olaraq terror təşkilatı YPG-ni bölgədən təmizləməsinə dair qiymətləndirmə aparıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş bildirib ki, 10 mart tarixli razılaşma çərçivəsində SDQ-nin (Suriya Demokratik Qüvvələri) qısa müddətdə Suriyanın yeni idarəetmə sisteminə inteqrasiya olunması vacibdir.
Suriya ordusu Hələb şəhərinin Eşrefiye, Şeyx Maksud və Beniy Zeyd məhəllələrində saat 13:30-dan etibarən SDG (Suriya Demokratik Qüvvələri) mövqelərinə qarşı dəqiq zərbə əməliyyatlarına başlayacağını açıqlayıb. Ordu mülki əhalini xəbərdar edərək, SDG-yə aid bütün mövqelərdən uzaq durmalarını xahiş edib. Heyətdən verilən açıqlamada, mülki əhalidən PKK/YPG mövqelərindən uzaq durmaları xahiş edilib. Eyni zamanda saat 13:30-dan etibarən həmin məhəllərdə PKK/YPG mövqelərinə qarşı dəqiq zərbə əməliyyatlarına başlanacağı bildirilib.