İsrail qüvvələri Suriyanın Qüneytra vilayətindəki Cubata əl-Xaşab yaşayış məntəqəsinə genişmiqyaslı basqın həyata keçirib. Suriya dövlət xəbər agentliyi SANA əməliyyatda 100-dən çox İsrail hərbçisinin iştirak etdiyini bildirib. Basqına 15 hərbi nəqliyyat vasitəsinin cəlb olunduğu qeyd edilir. Əməliyyat zamanı iki nəfərin saxlanıldığı bildirilir. Saxlanılan şəxslərin kimliyi və hara aparıldığı barədə məlumat verilməyib. SANA eyni zamanda İsrail qüvvələrinin Dəra vilayətinin qərbindəki Yərmuk hövzəsini atəşə tutduğunu açıqlayıb. Hücum nəticəsində mümkün insan itkisi və dağıntılar barədə hələlik məlumat yoxdur. Hadisələr Suriyanın cənubunda İsrailin hərbi fəaliyyətinin genişlənməsi ilə bağlı narahatlığı artırır.