İran və ABŞ arasında Hörmüz boğazı ilə bağlı fikir ayrılığı 60 günlük anlaşma memorandumunun müddətinin başa çatmasına az vaxt qalmış daha da kəskinləşib. İyunun 17-də əldə olunan razılaşma İranın boğazı açıq saxlamasını nəzərdə tuturdu. Lakin tərəflər gəmilərin keçidinə nəzarət və istifadə ediləcək marşrutlarla bağlı razılığa gələ bilməyib. İran heç bir gəminin öz icazəsi olmadan boğazdan keçə bilməyəcəyini bildirir. ABŞ isə dəniz nəqliyyatının normal şəkildə davam etdiyini iddia edir. Vaşinqton Tehran üzərində hərbi və iqtisadi təzyiqi davam etdirir. İran ABŞ ilə birbaşa danışıqlar əvəzinə Omanla boğazın idarə olunmasına dair yeni mexanizm müzakirə edir. Pakistanın vasitəçilik səyləri də sürətlənib və İran-Oman razılaşması böhranın həlli üçün yeni imkan yarada bilər.