“Databricks” 5 milyard dollar yeni sərmayə cəlb etdikdən sonra şirkətin dəyəri 190 milyard dollara yüksəlib. Altı ay əvvəl şirkət təxminən 134 milyard dollar dəyərində qiymətləndirilirdi. Yeni vəsait süni intellekt tətbiqlərinin hazırlanması və idarə edilməsinə xidmət edən məhsulların inkişafına yönəldiləcək. Şirkətin illik hesablamada gəlirləri artıq 7 milyard dolları ötüb. İkinci rübdə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox artıb. “Databricks” məlumatların saxlanması, idarə edilməsi və təhlili ilə yanaşı, müəssisələr üçün süni intellekt həlləri hazırlayır. Şirkət yeni sərmayəni “Lakebase”, “Genie” və “Unity AI Gateway” kimi məhsullarının inkişafına da yönəldəcək. “Databricks” gələcəkdə səhmlərini açıq bazarda satışa çıxara biləcək əsas texnologiya şirkətlərindən biri hesab olunur.