#televiziya

ABŞ Federal Rabitə Komissiyası yerli televiziya stansiyalarının sahibliyinə tətbiq edilən 39 faizlik limiti ləğv edib. Bundan sonra müraciətlər fərdi qaydada qiymətləndiriləcək. FCC rəhbərliyi qərarın yerli yayımçıların rəqabət qabiliyyətini artıracağını bildirsə də, tənqidçilər bunun media bazarında həddindən artıq təmərküzləşməyə səbəb ola biləcəyini deyirlər. Qərar Nexstar-ın Tegna-nı satın almasına verilən razılıqdan sonra qəbul edilib.

Çində mətbuata və yayım sahəsinə nəzarət etmiş keçmiş yüksək vəzifəli Tsay Fuçao barəsində araşdırma başlanıb. O, intizam qaydalarını və qanunları ciddi şəkildə pozmaqda şübhəli bilinir. Tsay Fuçao uzun illər Çində nəşriyyat, televiziya, radio, kino və internet məzmununa nəzarət edən dövlət qurumuna rəhbərlik edib. O, Kommunist Partiyasının siyasi xəttinə uyğun senzura siyasətinin həyata keçirilməsinə cavabdeh olub. Keçmiş məmur həmçinin dövlət televiziya və radio qurumlarına rəhbərlik edib. Tsay Fuçao 2018-ci ildə bütün rəsmi vəzifələrindən ayrılıb. Onun barəsində başlanan araşdırmanın təfərrüatları hələlik açıqlanmayıb. Araşdırma Çində uzun illərdir davam edən korrupsiyaya qarşı mübarizə çərçivəsində aparılır.