ABŞ müdafiə naziri Pit Heqset ölkədə sursat çatışmazlığı yaşandığı barədə iddiaları təkzib edib. O bildirib ki, hərbi ehtiyatların vəziyyəti ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Son dövrlərdə İran ətrafında artan gərginlik fonunda ABŞ silah ehtiyatları ilə bağlı narahatlıqlar güclənmişdi. Bu müzakirələrə ABŞ Hərbi Dəniz Qüvvələrinin müvəqqəti rəhbəri Hunq Kaonun açıqlamaları da təsir göstərmişdi. Pit Heqset isə sursat ehtiyatlarının kifayət qədər yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir ehtiyatların davamlı şəkildə artırıldığını bildirib. Onun sözlərinə görə, ABŞ müdafiə sənayesi rekord həcmdə istehsal həyata keçirir. Rəsmi Vaşinqton hərbi imkanlarının zəifləmədiyini, əksinə daha da gücləndiyini bəyan edir.