#Beşinci Donanma

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Sea Hawk" tipli helikopter Ərəb dənizində təcili eniş edib. Hadisə zamanı dörd ekipaj üzvündən biri itkin düşüb. ABŞ Beşinci Donanmasının məlumatına görə, təcili eniş düşmən hücumu ilə əlaqəli olmayıb. Digər üç ekipaj üzvünün vəziyyəti stabildir və onlar "USS George H. W. Bush" gəmisindədirlər. Hazırda itkin düşən hərbçinin axtarışları davam edir. Hadisənin başvermə səbəbi araşdırılır. ABŞ hərbi qurumları əlavə məlumatın daha sonra açıqlanacağını bildiriblər.

ABŞ Mərkəzi Komandanlığı İranın Hörmüz boğazı və Fars körfəzi ölkələri istiqamətində həyata keçirdiyi hücumlardan sonra Sirik bölgəsində və Keşm adasında yerləşən sahil radiolokasiya məntəqələrinə zərbələr endirdiyini bəyan edib. Mərkəzi Komandanlığın sosial şəbəkədə yayımladığı açıqlamada bildirilir ki, ABŞ qüvvələri İran ərazisindən Hörmüz boğazı və Fars körfəzi ölkələri istiqamətində buraxılmış çoxsaylı ballistik raketləri və pilotsuz uçuş aparatlarını zərərsizləşdirib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu bölgədə yerləşən ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bəyan edib. Məlumata görə, bu addım Sirik və Keşm adalarına edilən hücumlara cavab olaraq həyata keçirilib. İran dövlət televiziyasının yaydığı açıqlamada bildirilir ki, ABŞ hərbi qüvvələrinin Sirik və Keşm adalarına qarşı həyata keçirdiyi hücumlardan sonra bölgədəki hədəflər raketlərlə vurulub.