#diplomatik proses

ABŞ Prezidenti Donald Trampın İranla müharibənin dayandırılmasına yönəlmiş danışıqların həlledici mərhələyə çatdığı bir dövrdə yüksək səviyyəli görüş keçirəcəyi bildirilir. Ağ Evdə baş tutacaq kabinet iclasında əsas diqqətin İranla mümkün razılaşma və onun siyasi nəticələrinə yönələcəyi gözlənilir. Müzakirələr həm xarici siyasət, həm də ABŞ daxilində siyasi proseslər baxımından mühüm mərhələ kimi qiymətləndirilir.

İran nümayəndə heyəti Dohada ABŞ-İsrail müharibəsinin dayandırılmasına yönəlmiş diplomatik proses çərçivəsində mühüm məsələləri müzakirə edir. Əsas diqqət Hörmüz boğazına nəzarət və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəlib. Heyətdə İranın baş danışıqlarçısı Məhəmməd Baqir Qalibaf, xarici işlər naziri Abbas Əraqçi və Mərkəzi Bank rəhbəri Əbdül-Nasir Himməti iştirak edir. Mərkəzi Bank rəhbərinin iştirakı dondurulmuş İran aktivlərinin azad edilməsi məsələsinin müzakirədə olduğunu göstərir və bu məsələ gələcək yekun razılaşma memorandumuna daxil ediləcək.

ABŞ Prezidenti Donald Tramp İranla bağlı prosesin hazırda iki mümkün istiqamət arasında olduğunu bildirib. Onun sözlərinə görə, Vaşinqton və Tehran ya diplomatik razılaşmaya daha da yaxınlaşacaq, ya da gərginlik yenidən yüksələ bilər. Tramp tərəflər arasında müəyyən irəliləyiş olduğunu qeyd edib və yaxın günlərin danışıqların gələcək taleyi baxımından həlledici ola biləcəyini vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında mümkün razılaşmaya doğru irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər hər gün razılaşmaya daha da yaxınlaşır və danışıqlarda müsbət dinamika müşahidə olunur. Tramp qeyd edib ki, mümkün saziş İranın zənginləşdirilmiş uranı ilə bağlı məsələnin qənaətbəxş həllini əhatə edə bilər, lakin yekun razılaşmanın detalları barədə əlavə məlumat verilməyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran və Vaşinqton hazırda mümkün anlaşma memorandumunun yekunlaşdırılması üzərində işləyirlər. Onun sözlərinə görə, son bir həftə ərzində tərəflərin mövqeləri bir-birinə yaxınlaşıb və danışıqlarda müəyyən irəliləyiş hiss olunur. Bəqai vurğulayıb ki, bəzi fikir ayrılıqları hələ də qalsa da, tərəflər çərçivə razılaşması üzərində işləməyə davam edir və yaxın günlər prosesin gələcək taleyi baxımından həlledici ola bilər.

ABŞ və İran arasında münasibətlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Siyasi müşahidəçilər hesab edirlər ki, prosesin istiqamətini müəyyən edəcək əsas amil dolayı təmaslar deyil, daha intensiv birbaşa danışıqların başlayıb-başlamaması olacaq. Eyni zamanda İranın özünü zəif və ya təslim olmuş tərəf kimi göstərməmək siyasəti və çəkindirmə strategiyasını qorumaq istəyi regionda diplomatiya ilə təhlükəsizlik balansının hələ də həssas olaraq qaldığını göstərir.

ABŞ dövlət katibi Marko Rubio ABŞ və İran arasında razılaşmanın əldə olunması üçün bəzi müsbət siqnalların olduğunu bildirib. Pakistan rəsmilərinin Tehrana səfərinin prosesi irəli apara biləcəyi vurğulanıb. Rubio ABŞ Prezidentinin əsas məqsədinin yaxşı razılaşma əldə etmək olduğunu qeyd edib və əgər razılaşma alınmasa, alternativ variantların mövcud olduğunu əlavə edib. Dövlət katibi həddindən artıq optimist olmasa da, növbəti günlərdə baş verəcək prosesləri diqqətlə izləyəcəklərini söyləyib.

Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan İranla bağlı vəziyyəti müzakirə edərək siyasi və diplomatik həll yollarının vacibliyini vurğulayıblar. Məlumata görə, tərəflər İran ətrafında yaranmış vəziyyət və regional prosesləri müzakirə edərək kompromis əsaslı sülh razılaşmalarına nail olmaq üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

İran Xarici İşlər Nazirliyi İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar prosesi həmçinin ölkəyə tətbiq edilən dəniz blokadası və Vaşinqtonun son diplomatik addımları barədə rəsmi bəyanat yayıb. Nazirliyin bəyanatında Tehranın hazırkı mövqeyini əks etdirən bir neçə fundamental məqam xüsusi yer alıb. Rəsmi Tehran Pakistan danışıqlarında iştirak məsələsinə toxunaraq bildirib ki bu barədə hələlik yekun qərar verilməyib. Nazirlik mövqe tam müəyyənləşdikdən sonra ictimaiyyətə aydın məlumat veriləcəyini vurğulayıb və hazırda mediada çox sayda yalan xəbərlərin dolaşdığını qeyd edib.