#son dəqiqə

Pakistanın ABŞ və İran arasında vasitəçilik təşəbbüslərinin uğursuzluğa uğraması regionda yeni diplomatik gərginlik yaradıb. Mənbələr bildirir ki, Pakistan tərəfi ABŞ və İran arasında vasitəçilik etmək üçün ciddi diplomatik resurslar səfərbər etsə də, Tehranın son anda geri çəkilməsi bu səyləri nəticəsiz qoyub. Bu addımın Pakistanın diplomatik nüfuzuna mənfi təsir etdiyi və iki ölkə arasında gizli gərginliyə səbəb olduğu qeyd olunur.

İranın "Təsnim" xəbər agentliyinin verdiyi məlumata görə, sabah — çərşənbə günündən etibarən ölkədə daxili aviareyslərin fəaliyyəti yenidən bərpa ediləcək. İran Hava Yollarından (Iran Air) verilən rəsmi açıqlamada bildirilib ki, tam 50 günlük fasilədən sonra ilk daxili uçuş sabah çərşənbə günü Tehran-Məşhəd marşrutu üzrə həyata keçiriləcək

Pakistan rəhbərliyi ABŞ və İran arasında vasitəçilik missiyasını xilas etmək üçün son 24 saat ərzində diplomatik səylərini maksimum həddə çatdırıb. Məqsəd danışıqların planlaşdırıldığı kimi sabah, çərşənbə axşamı bərpa olunmasını təmin etməkdir. İslamabad həm Vaşinqton, həm də Tehran ilə təmaslarını intensivləşdirib. Pakistan tərəfi danışıqlar masasının dağılmaması üçün tərəflər arasında sabir diplomatiya həyata keçirir. "Reuters" agentliyi Pakistanın təhlükəsizlik mənbələrinə istinadən xəbər verir ki, Pakistan Ordu Komandanı, general Asim Münir ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb. General Münir Trampa bildirib ki, Hörmüz boğazının mühasirədə qalması danışıqların qarşısında duran ən böyük maneədir. Mənbənin bildirdiyinə görə, Donald Tramp bu məsələyə yenidən baxacağına dair vəd verib.

İran Xarici İşlər nazirinin müavini bölgədəki hərbi-siyasi vəziyyət və Vaşinqtonla aparılan danışıqlar barədə geniş bəyanatla çıxış edərək, ABŞ-ın diplomatik səylərə xələl gətirdiyini bildirib. Nazir müavini Hörmüz boğazında naviqasiyanın asanlaşdırılmasına hazır olduqlarını, lakin Amerika tərəfinin ziddiyyətli mövqe nümayiş etdirdiyini vurğulayıb.

Çinin ABŞ-dakı səfirliyi rəsmi Pekinin münaqişə tərəflərinə, xüsusilə də İrana hərbi texnika və silah tədarük etməyə hazırlaşması barədə yayılan məlumatlara münasibət bildirib. Səfirliyin sözçüsü vurğulayıb ki, Çin Xalq Respublikası münaqişənin başladığı ilk gündən etibarən balanslaşdırılmış və neytral mövqe nümayiş etdirir. Rəsmi bəyanatda qeyd olunub ki, Pekin bu günə qədər qarşıdurmada iştirak edən tərəflərin heç birinə silah təmin etməyib və gələcəkdə də bu mövqeyini qorumaq niyyətindədir.