Qətər Baş Naziri şeyx Məhəmməd bin Əbdülrəhman Pakistanın vasitəçilik səylərinə tam dəstək verib və ABŞ–İran gərginliyi fonunda regionda sabitliyin və davamlı sülhün təmin olunmasını vurğulayıb.
#Diplomatik danışıqlar
ABŞ Prezidenti Donald Tramp İranla sülh razılaşmasının əldə olunmaması halında ölkəni ciddi nəticələrin gözlədiyini bildirib. Eyni zamanda, Tehran tərəfi Vaşinqtonun niyyətlərinə dair etimadsızlığın davam etdiyini açıqlayıb. Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Tramp administrasiyasından yeni danışıqlara hazırlıqla bağlı mesajlar alıb.
İran rəsmiləri ABŞ-la aparılan danışıqlarda müharibənin tam başa çatmasına dair təminatlar tələb etdiklərini bildirirlər. Tehran Hörmüz boğazı və nüvə proqramı ilə bağlı mövqeyində güzəştə getməyəcəyini vurğulayaraq, Vaşinqtonun tələblərinə qarşı çıxdığını açıqlayıb.
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ABŞ-ın son hərbi əməliyyatlarını tənqid edərək Vaşinqtonun diplomatik həll əvəzinə hərbi addımlara üstünlük verdiyini bildirib. O, İranın raket potensialının qorunduğunu vurğulayıb və regionda gərginliyin artdığı bir vaxtda ABŞ-ın Tehranın cavabını gözlədiyini qeyd edib.
İraqın baş nazir vəzifəsini icra edən Əli Faleh Əz-Zeydi İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı İraqın Tehran və Vaşinqton arasında vasitəçilik rolunu oynaya biləcəyini bildirib. İraq hökumətinin yaydığı məlumata görə, tərəflər arasında çərşənbə axşamı baş tutan telefon danışığında regional böhranların həlli və diplomatik dialoqun gücləndirilməsi məsələləri müzakirə olunub.
“Associated Press”in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, Vaşinqton və Tehran arasında yeni danışıqlar raundunun keçirilməsi ilə bağlı müzakirələr aparılır. Vasitəçi ölkənin bir diplomatı bildirib ki, tərəflər artıq növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.
Yaxın Şərqdə davam edən hərbi əməliyyatların dayandırılması istiqamətində atılan diplomatik addımlar nəticəsiz qalıb. İranın yarı-rəsmi "Fars" xəbər agentliyi Tehran rəhbərliyinin ABŞ-dan gələn 48 saatlıq müvəqqəti atəşkəs təklifini rəsmən rədd etdiyini duyurub.