#Küveyt Beynəlxalq Hava Limanı

Küveyt bəzi beynəlxalq aviareyslərin fəaliyyətini yenidən bərpa etmək qərarına gəlib. Bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb. Qərar Körfəz, ərəb və digər xarici aviaşirkətləri əhatə edir. Uçuşların məhdud sayda həyata keçiriləcəyi bildirilib. Hələlik reys cədvəli açıqlanmayıb. Uçuşların 4-cü terminal üzərindən təşkil olunacağı qeyd edilir. Bu ayın əvvəlində hava limanının 1-ci terminalı pilotsuz uçuş aparatı hücumuna məruz qalmışdı. Hücum nəticəsində insan itkisi və ciddi dağıntılar qeydə alınmışdı.

İran İnqilab Keşikçiləri Korpusu Küveyt Beynəlxalq Hava Limanının sərnişin terminalında baş vermiş ziyana görə məsuliyyəti üzərinə götürməyib. Korpusun nümayəndəsi hadisənin ABŞ istehsalı olan “Patriot” hava müdafiə sistemində yaranmış texniki nasazlıq səbəbindən baş verdiyini iddia edib. Məsələ ilə bağlı tərəflərin fərqli açıqlamaları regionda informasiya mübarizəsinin davam etdiyini göstərir.

Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə qarşı hərbi təcavüzünü sərt şəkildə qınayıb, o cümlədən Küveyt Beynəlxalq Hava Limanının hədəf alınmasını qeyd edib. Xarici İşlər Nazirliyi açıqlamasında vurğulayıb ki, bu hərəkətlər regionda təhlükəsizlik və sabitliyi bərpa etmək üçün beynəlxalq səyləri zəiflədir. Krallıq həmçinin Bəhreyn və Küveytlə həmrəylik nümayiş etdirərək onların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün atdıqları bütün tədbirləri dəstəklədiyini bildirib.

Küveyt Beynəlxalq Hava Limanında baş verən dron hücumu regionda gərginliyin daha da artdığını göstərir. Rəsmi mənbələrə görə, İran və onun müttəfiqləri tərəfindən həyata keçirildiyi bildirilən hücum nəticəsində hava limanında yerləşən yanacaq çəni vurulub və güclü yanğın baş verib.