#\Bakı

İran hökuməti Livan Xarici İşlər Nazirliyinin tələbinə baxmayaraq, öz səfirinin Beyrutdakı vəzifəsini icra etməyə davam edəcəyini bəyan edib. Rəsmi Tehran Livan tərəfindən "persona non grata" (arzuedilməz şəxs) elan edilən diplomatın ölkədən çıxarılması barədə göstərişə əməl etməyib. Livan Xarici İşlər Nazirliyi keçən həftə səfir Məhəmməd Rza Şeybaninin akkreditasiyasını ləğv etdiyini və ondan martın 29-dək ölkəni tərk etməsini istədiyini açıqlamışdı. Rəsmi Beyrut bu qərarı səfirin Livanın daxili siyasətinə dair verdiyi bəyanatlarla diplomatik konvensiyaları pozması ilə əsaslandırıb. Lakin İran XİN-in sözçüsü İsmayıl Baqayi keçirdiyi mətbuat konfransında Şeybaninin müvafiq tərəflərlə aparılan müzakirələr nəticəsində Beyrutda qalaraq fəaliyyətini davam etdirəcəyini vurğulayıb.