"Hizbullah" hərəkatının rəhbəri Naim Qasim İsrail ordusunun Livana qarşı həyata keçirdiyi hava və quru əməliyyatları fonunda ölkədə milli birliyə çağırıb. Çərşənbə günü verdiyi bəyanatda Qasim İsrailin hücumlarına qarşı "limit tanımadan" mübarizəni davam etdirəcəklərini vurğulayıb. Naim Qasim Livanın hazırda iki seçim qarşısında olduğunu bildirib: "Ya torpaqlarımızdan imtina edib təslim olmalı, ya da qaçılmaz müqaviməti seçməliyik".