“Starcloud” yeni sərmayə mərhələsində 250 milyon dollar cəlb edib. Şirkətin bazar dəyəri 2,3 milyard dollar olaraq qiymətləndirilib. Mart ayında bu göstərici 1,1 milyard dollar idi. 2024-cü ildə yaradılan şirkət indiyədək ümumilikdə 450 milyon dollar sərmayə cəlb edib. “Starcloud” “Nvidia” ilə orbit şəraitinə uyğun hesablama sistemi hazırlayır. Şirkət gələcəkdə 88 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Hədəf orbitdə 20 giqavatlıq hesablama gücü yaratmaqdır. Şirkət ABŞ-də yeni nəsil kosmik aparatlarının istehsalı üçün böyük istehsal müəssisəsi də qurur.
#sərmayə
“Databricks” 5 milyard dollar yeni sərmayə cəlb etdikdən sonra şirkətin dəyəri 190 milyard dollara yüksəlib. Altı ay əvvəl şirkət təxminən 134 milyard dollar dəyərində qiymətləndirilirdi. Yeni vəsait süni intellekt tətbiqlərinin hazırlanması və idarə edilməsinə xidmət edən məhsulların inkişafına yönəldiləcək. Şirkətin illik hesablamada gəlirləri artıq 7 milyard dolları ötüb. İkinci rübdə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 80 faizdən çox artıb. “Databricks” məlumatların saxlanması, idarə edilməsi və təhlili ilə yanaşı, müəssisələr üçün süni intellekt həlləri hazırlayır. Şirkət yeni sərmayəni “Lakebase”, “Genie” və “Unity AI Gateway” kimi məhsullarının inkişafına da yönəldəcək. “Databricks” gələcəkdə səhmlərini açıq bazarda satışa çıxara biləcək əsas texnologiya şirkətlərindən biri hesab olunur.
Strategy şirkəti yeni qərarla iri həcmdə bitkoin satışı həyata keçirmək səlahiyyəti əldə edib. Şirkət bu ilin əvvəlindən etibarən artıq 218 milyon ABŞ dolları dəyərində bitkoin satıb. Satışlardan əldə olunan vəsait dividend ödənişlərinə və pul ehtiyatlarının artırılmasına yönəldilib. Analitiklər yeni planı müsbət qiymətləndirdikdən sonra şirkətin səhmlərində qısamüddətli artım müşahidə olunub. Bununla yanaşı, bu addım rəqəmsal aktivlərə əsaslanan digər şirkətlərin maliyyə dayanıqlığı ilə bağlı sualları artırıb. Belə şirkətlərin fəaliyyəti rəqəmsal valyutaların qiymət dəyişikliklərindən birbaşa asılıdır. Qiymətlərin enməsi onların aktivlərinə və maliyyə imkanlarına mənfi təsir göstərə bilər. Mütəxəssislər bu sahədə risklərin hələ də yüksək olduğunu bildirirlər.