#MİT Qüds sənədini dərc etdi: Torpaq və irs təhlükədə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) rəsmi internet səhifəsində dərc etdiyi 1909-cu ilə aid tarixi kəşfiyyat sənədi ilə Qüdsün gələcəyi barədə yüz ildən artıq əvvəl edilən ciddi xəbərdarlıqları ictimaiyyətə təqdim edib. MİT-in “Xüsusi Kolleksiyalar – Sənədlər” bölməsində yerləşdirilən 9 səhifəlik məxfi xarakterli hesabat Osmanlı dövlətinin son illərində Qüdsdə müşahidə olunan demoqrafik, mədəni və mülkiyyət dəyişikliklərini ətraflı şəkildə əks etdirir. Sənəd 1909-cu ildə İttihad və Tərəqqi Cəmiyyətinin Suriya üzrə nümayəndəsi Mahmud Cəmaləddin tərəfindən mərkəzi rəhbərliyə, dövrün daxili işlər naziri Hüseyn Hilmi Paşaya təqdim edilib.