#ABŞ Qrenlandiyanı niyə strateji ərazi kimi görür?

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen, ABŞ Prezidenti Donald Trampın adaya tibbi yardım məqsədilə xəstəxana gəmisi göndərmək təklifinə sərt reaksiya verib. Nilsen, Trampın sosial mediada təsadüfi paylaşımlar etmək əvəzinə, rəsmi kanallar vasitəsilə birbaşa dialoqa keçməli olduğunu bildirib. Baş nazir Trampın "Truth Social" hesabından etdiyi təklifə qısa və kəskin cavab verib: "Bizdən bir 'xeyr' cavabı gəldi."

NATO Arktikada fəaliyyətini genişləndirərək Qrenlandiyada yeni “Arctic Sentry” təşəbbüsünü işə salmağa hazırlaşır. Alyansın bu addımı rəsmi olaraq regionda artan təhlükəsizlik çağırışlarına cavab kimi təqdim edilsə də, diplomatik mənbələr təşəbbüsün əsasən siyasi və kommunikasiya xarakteri daşıdığını bildirirlər.

Qrenlandiya ilə bağlı mümkün razılaşmalar çərçivəsində Danimarka ilə ABŞ arasında aparıla biləcək danışıqlarda Kopenhagenin ən böyük üstünlüklərindən biri kimi göstərilən dərman sənayesinin real təsir gücü müzakirə mövzusuna çevrilib. Danimarka Statistika İdarəsinin məlumatına görə, bu kateqoriya üzrə ixracın ümumi həcmi 21,5 milyard Danimarka kronu (təxminən 2,8 milyard avro) olub.

Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın hökumət rəhbəri Yens-Frederik Nilsen Berlində Almaniya kansleri Fridrix Mertslə görüşüblər. Məlumata görə, danimarkalı və qrenlandiyalı liderlər çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq. Görüşlərdə hazırkı beynəlxalq siyasi vəziyyət və Avropanın təhlükəsizlik baxımından daha güclü mövqe tutmasının vacibliyi müzakirə olunacaq.

ABŞ Prezidenti Donald Tramp, ölkəsinin Qrenlandiya üzərində nəzarəti ələ keçirmək planını dəstəkləməyən dövlətlərə gömrük vergiləri tətbiq edə biləcəyini açıqlayıb. Bu fikir, NATO müttəfiqi Danimarka-nın yarımuxtar bölgəsinə yönəlmiş son təhdidlərindən sonra yenidən gündəmə gəlib. Tramp bildirib ki, Avropa müttəfiqləri ABŞ-ın təşəbbüsünü dəstəkləməkdə israr etməsələr, dərman məhsullarına gömrük vergisi tətbiq edə bilər.

ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək niyyəti ilə bağlı Vaşinqtonda keçirilən danışıqlar uğursuzluqla nəticələndikdən sonra Avropa ölkələri adaya hərbi personal göndərməyə başlayıb. Fransa, İsveç, Almaniya və Norveç Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə kəşfiyyat missiyası çərçivəsində hərbçilər yerləşdirəcəklərini elan ediblər. Qrenlandiya Baş nazirinin müavini Mute Egede bildirib ki, bölgədə NATO hərbçilərinin, hərbi uçuşların və gəmilərin sayının artması gözlənilir. Fransa Prezidenti Emmanuel Makron ilk hərbi heyətin artıq yola düşdüyünü təsdiqləyib. Almaniya isə Danimarkanın dəvəti ilə 13 nəfərlik kəşfiyyat qrupunu bölgəyə göndərib.

Danimarkanın Müdafiə Nazirliyi Qrenlandiyanın müdafiəsinə dair 1952-ci il tarixli kral direktivəsinin hələ də qüvvədə olduğunu təsdiqləyib. Bu direktivə adaya mümkün hərbi müdaxilə halında, yerli hərbi kontingentin yuxarı instansiyalardan əlavə göstəriş almadan atəş açmaq səlahiyyətini nəzərdə tutur. Qeyd olunub ki, sözügedən kral fərmanı Qrenlandiyanın müdafiəsi üçün fövqəladə səlahiyyətlər müəyyən edir və bu mexanizm bu gün də hüquqi qüvvəsini saxlayır.

ABŞ-ın Qrenlandiyaya marağı son illərdə, xüsusilə Donald Trampın prezidentliyi dövründə açıq şəkildə gündəmə gəlsə də, bu marağın kökləri İkinci Dünya müharibəsi və Soyuq müharibə dövrünə qədər uzanır. Qrenlandiya bu gün yalnız böyük bir ada deyil, Arktikanın təhlükəsizlik, hərbi-strateji və geosiyasi mərkəzlərindən biri kimi qiymətləndirilir. ABŞ-ın Qrenlandiyadakı mövcudluğunun hüquqi əsası 9 aprel 1941-ci ildə Vaşinqtonda imzalanan Qrenlandiya üzrə Müdafiə Sazişi ilə qoyulub. Bu sənəd Danimarkanın ABŞ-dakı səfiri Henrik Kaufmann tərəfindən, Kopenhagendəki hökumətin razılığı olmadan imzalanmışdı. Saziş ABŞ-a Qrenlandiyada sərbəst hərbi fəaliyyət, baza qurmaq və infrastrukturu təkbaşına idarə etmək imkanı verirdi.