#İsrailin Somaliland qərarı Afrika Buynuzunda gərginlik yaradıb

İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Afrikada yerləşən Somalilanda səfər edib. Yerli mənbələrin verdiyi məlumata görə, nazir çərşənbə axşamı günü bölgənin yarı-müstəqil administrasiyasının prezidenti ilə görüşəcək. Səfər barədə məlumatlı digər mənbə də nazirin Somalilandda olduğunu təsdiqləyib, lakin əlavə təfərrüat paylaşmayıb. İsrail Xarici İşlər Nazirliyi isə nazirin səfəri ilə bağlı dərhal açıqlama verməyib.

İsrail Somaliland regionunu müstəqil dövlət kimi tanıdığını açıqlayıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub. Qərar bölgədə siyasi və diplomatik müzakirələrə səbəb olub, Türkiyə tərəfindən isə bu addıma etiraz ifadə edilib. İsrail Baş nazirinin Mətbuat Ofisinin yaydığı yazılı açıqlamada bildirilir ki, tanıma qərarı İsrailin Baş naziri Benyamin Netanyahu, xarici işlər naziri Gideon Saar və Somalilandın rəhbəri Məhəmməd Abdullahi arasında imzalanan sənəd əsasında rəsmiləşdirilib. Açıqlamada tərəflərin tanıma sənədini imzaladıqları videobağlantıya dair görüntülərin də paylaşıldığı qeyd olunub.