İranın Ali Məhkəmə rəhbəri Qulam-Hüseyn Möhsüni Ejei ölkənin düşmənin planlarına qarşı ayıq-sayıq olmasının vacibliyini bildirib. O, İranın “hibrid müharibə” şəraitində arxayınlaşmamalı olduğunu deyib. Ejeinin sözlərinə görə, qələbənin əsas açarı birlik və ali rəhbərin ardınca getməkdir. İran rəsmisi ABŞ-ın İran İslam Respublikası üzərində məğlubiyyətə uğradığını iddia edib. Onun sözlərinə görə, bundan sonra ABŞ-la müttəfiq ölkələrin rəhbərlərinin İranın gücü barədə təsəvvürləri dəyişib. Ejei İranın siyasi və ictimai birliyinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, düşmənin ölkəyə qarşı müxtəlif istiqamətlərdə təzyiq göstərməyə çalışdığını bildirib. İran rəsmisi ölkənin bu təhdidlərə birlik şəraitində cavab verməli olduğunu qeyd edib.
#Yaxın Şərq
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi və kürəkəni Cared Kuşner bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Görüşdə ABŞ-ın Qəzzada münaqişənin dayandırılması ilə bağlı təşəbbüsü, bölgənin gələcəyi və İsrail ordusunun ərazidən çıxarılması məsələlərinin müzakirə edildiyi bildirilir.
ABŞ Mərkəzi Komandanlığı USS George H. W. Bush təyyarədaşıyan gəmisinin Ərəb dənizində fəaliyyət göstərdiyini açıqlayıb. Nimitz sinfinə aid nüvə enerjili gəminin bölgəyə yerləşdirilməsi USS Abraham Lincoln gəmisinin ekipajının 250 gündən çox davam edən yerləşdirilməsi ilə bağlı narahatlıqların artdığı vaxta təsadüf edir. CENTCOM gəminin Yaxın Şərqdə təhlükəsizliyə dəstək verdiyini bildirib.
Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazından keçən ADNOC ilə əlaqəli gəmiyə İran tərəfindən hücum edildiyini bildirərək hadisəni pisləyib. BƏƏ-nin dövlət xəbər agentliyinin məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb və vəziyyət nəzarət altına alınıb. BƏƏ Xarici İşlər Nazirliyi ticarət gəmilərinin hədəfə alınmasını və Hörmüz boğazından iqtisadi təzyiq vasitəsi kimi istifadə edilməsini kəskin şəkildə pisləyib. Nazirlik bu addımları İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz quldurluğu əməlləri kimi qiymətləndirib. BƏƏ İranı hücumları dayandırmağa və Hörmüz boğazını tam və qeyd-şərtsiz açmağa çağırıb. Hadisə cümə axşamı daha iki ADNOC gəmisinin hücuma məruz qalmasından bir gün sonra baş verib. Son hücumlar Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Bölgədə enerji daşımalarının təhlükəsizliyi də yeni təhdidlərlə üzləşir.
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar ABŞ-nin İslamabaddakı müvəqqəti işlər vəkilinə İslamabad Anlaşmasının tam şəkildə icra edilməsinin yeganə çıxış yolu olduğunu bildirib. Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, Dar ölkələr arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıb və davamlı sülhün təmin olunmasında dialoq və diplomatiyanın əhəmiyyətini qeyd edib.
ABŞ-nin müdafiə naziri Pit Heqset “Abraham Linkoln” təyyarədaşıyan gəmisində ağır xidmət şəraiti ilə bağlı məlumatları təkzib edib. O, yayılan məlumatların həqiqəti düzgün əks etdirmədiyini bildirib. Hegset gəmi heyətinin bütün zəruri vasitələrlə təmin edilməsinə çalışıldığını vurğulayıb. “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin 250 gündən artıqdır dənizdə olduğu bildirilir. ABŞ senatoru Riçard Blumental gəmidə əsas tələbat mallarının çatışmazlığı ilə bağlı Müdafiə Nazirliyindən açıqlama tələb edib. O, içməli suyun çirklənməsi, su və kanalizasiya sistemində nasazlıqlar və göyərtədə təhlükəsizlik problemləri barədə məlumatlara diqqət çəkib. Senator uzunmüddətli xidmətin hərbçilərin ruh halına mənfi təsir göstərdiyinə dair narahatlıqları da gündəmə gətirib. Hegset isə dənizçilərin çətin şəraitdə xidmət etdiyini qəbul etsə də, onların təminatı ilə bağlı yayılan məlumatların təhrif olunduğunu bildirib.
ABŞ İranla qarşıdurma fonunda bölgədə hərbi heyətinin sayını artırır. Kral Birləşmiş Xidmətlər İnstitutunun mütəxəssisi Maykl Stivens bu prosesin müəyyən hazırlıq işlərinə işarə etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələrinin bəzi hərbi qulluqçuları bölgəyə göndərilmək üçün xidmətə çağırılıb. Bununla belə, hərbi qüvvələrin artırılmasının konkret məqsədi hələlik məlum deyil. Stivens ABŞ-nin hazırkı şəraitdə İrana quru qoşunları yeridərək qələbə qazanmasının mümkün olmadığını düşünür. O, mövcud vəziyyətin hər iki tərəf üçün çətin olduğunu vurğulayıb. Mütəxəssisin fikrincə, hazırda nə ABŞ, nə də İran qarşıdurmada üstün mövqeyə sahibdir. Tərəflər arasında yaranmış çıxılmaz vəziyyətin necə dəyişəcəyi isə qeyri-müəyyən olaraq qalır.
Livan Prezidenti Cozef Aun və Baş nazir Nəvaf Salam ölkənin cənubundakı vəziyyəti müzakirə ediblər. Görüşdə İsrailin davam edən hücumları və yaşayış evləri ilə infrastrukturun dağıdılması məsələləri gündəmə gəlib. Liderlər qarşıdakı hökumət iclasının gündəliyini də müzakirə ediblər. Bundan başqa, ABŞ generalı Jozef Klirfildlə aparılan görüşlər barədə fikir mübadiləsi aparılıb. Livanın cənubunda atəşkəs razılaşmasına baxmayaraq, hücumların davam etdiyi bildirilir.
Almaniyanın Hapag-Lloyd şirkəti Hörmüz boğazının bağlanmasının ikinci rübdə ona 600 milyon dollar zərər vurduğunu açıqlayıb. Şirkətin xalis mənfəəti 306 milyon dollardan 83 milyon dollara düşüb. Asiya ixracının güclü olması və ABŞ-da tələbatın artması itkilərin bir hissəsini kompensasiya edib. Konteyner daşımaları bölməsinin əməliyyat mənfəəti də azalıb. Əlavə yanacaq, sığorta, anbar və marşrut dəyişiklikləri xərclərin artmasına səbəb olub.
Qəzza Səhiyyə Nazirliyi son 24 saat ərzində İsrail hücumları nəticəsində bir nəfərin öldüyünü, yeddi nəfərin yaralandığını açıqlayıb. Nazirliyin məlumatına görə, ötən ilki “atəşkəs”dən sonra 1 260 nəfər öldürülüb. Həmin dövrdə 4 154 nəfərin yaralandığı bildirilib. 2023-cü ilin oktyabrından bəri Qəzzada ölən fələstinlilərin sayı 73 389-a çatıb. Yaralıların ümumi sayı isə 174 266 nəfərdir.
RUSI eksperti Maykl Stivens İranın müharibəni uzatmaqla ABŞ üzərində təzyiqi artırmağa çalışdığını bildirib. Onun sözlərinə görə, Tehran ABŞ-ın quru əməliyyatı keçirməyəcəyinə inanır. Bu səbəbdən İran üçün hakimiyyətin mövcudluğuna birbaşa təhlükənin azaldığı düşünülür. Ekspert İranın müharibənin intensivliyini artırmağa çalışa biləcəyini qeyd edib. ABŞ-ın İran hakimiyyətini geri addım atmağa məcbur etmək imkanlarının məhdud olduğu vurğulanıb.
İraq Səudiyyə Ərəbistanına təhlükəsizlik məsələlərini müzakirə etmək üçün yüksək səviyyəli nümayəndə heyəti göndərəcək. Heyətə ölkənin əsas təhlükəsizlik qurumlarının rəhbərləri daxil olacaq. Görüşlərdə Səudiyyə Ərəbistanına qarşı son hücumlar və iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək. Səfər İraq və Səudiyyə Ərəbistanı rəsmiləri arasında regional təhlükəsizlik təmaslarının artdığı bir dövrə təsadüf edir. Bağdad ərazisindən digər ölkələrə qarşı hücumların qarşısını almaq niyyətində olduğunu bildirib.