MÜSİAD-ın Niğde şöbəsinin nümayəndə heyəti dörd günlük işgüzar səfər çərçivəsində Azərbaycanda dövlət qurumları, biznes təşkilatları və sənaye müəssisələri ilə bir sıra görüşlər keçirib. Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi olub. Nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfiri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və MÜSİAD Azərbaycan rəhbərliyi ilə görüşlər keçirib. Proqram çərçivəsində ölkənin aparıcı istehsal müəssisələri və sənaye məhəllələri ilə tanışlıq da təşkil olunub. Eyni zamanda, 50-yə yaxın yerli şirkətin iştirakı ilə keçirilən iş adamları görüşlərində yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Tərəflər qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər. Səfər həm iqtisadi münasibətlərin inkişafına, həm də Azərbaycan ilə Türkiyə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.
#MÜSİAD
Qubada keçirilən REGİONAL EXPO QUBA 2026 sərgisi regionun biznes, innovasiya, kənd təsərrüfatı, turizm və xidmət sahələrini vahid platformada bir araya gətirib. Tədbirdə 130 müəssisə iştirak edib, sərgini isə gün ərzində təxminən 10 min nəfər ziyarət edib. Rəsmi şəxslər və iştirakçılar regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar.
Hazırkı dövrdə qlobal iqtisadi dəyişikliklər, enerji bazarlarında dalğalanmalar və tədarük zəncirlərindəki gərginliklər bütün ölkələrin iqtisadi siyasətinə təsir göstərir. Bu şəraitdə Azərbaycan iqtisadiyyatında sabitliyin qorunması və sahibkarlıq fəaliyyətinin dayanıqlılığı mühüm əhəmiyyət kəsb edir.
MÜSİAD-ın təsis olunmasının 35 illik yubileyi münasibətilə təşkil olunan futbol üzrə final mərhələsi AZFAR GROUP stadionunda baş tutub. Təhsil və Mədəniyyət Komissiyasının təşkilatçılığı, “Setkaya MMC” və “Life Sport”un baş sponsorluğu, eləcə də İnam Sport və Bakı Nitq Mərkəzinin sponsorluğu ilə keçirilən yarışmada MÜSİAD Azərbaycan üzvləri mübarizə aparıblar.
AZHAB Forumu çərçivəsində Bakıda səfərdə olan Malayziyanın “Muslim Insiders” Ticarət Palatasının prezidenti Prof. Adam Richman və palatanın üzvü “KNKV Group” şirkətinin rəhbərliyi MÜSİAD Azərbaycan ofisində görüş keçirib.
MÜSİAD Azərbaycan üzvləri, valideynlərlə birlikdə Bakı Türk Anadolu Liseyinin yeni fəaliyyətə başlayan Əhmədli filialını ziyarət ediblər. Ziyarət zamanı Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri xanım Yurdağül Aydoğan və liseyin direktoru Abdullah Yılmaz məktəbdə yaradılmış müasir tədris şəraiti barədə qonaqlara ətraflı məlumat veriblər.
Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir. Ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.
MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) rəhbəri Radil Fətullayev Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru vəzifəsini icra edən professor Əminağa Sadıqovla görüş keçirmişdir. Görüş zamanı Əminağa Sadıqov universitetin fəaliyyəti, təhsil və elmi sahələrdə həyata keçirilən layihələr, həmçinin gələcəkdə reallaşdırılması nəzərdə tutulan proqramlar barədə ətraflı məlumat vermişdir.
Türkiyə Maarif Vəqfinin Azərbaycana yeni təyin olunmuş təmsilçisi Tabip Gülbay, Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik şöbəsinin direktoru Mevlut Altıntop və müəllim heyəti MÜSİAD Azərbaycan ofisini ziyarət ediblər. Görüş zamanı Azərbaycanda fəaliyyətə başladığı ilk gündən qurulan səmərəli əməkdaşlıqlar və həyata keçirilən layihələr müzakirə olunub. Həmçinin, tərəflər gələcəkdə əməkdaşlığı daha da inkişaf etdirmək və dərinləşdirmək üçün yol xəritəsi hazırlayıblar.
MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III Bir və Bərabər adlı netvörkinq görüşü baş tutub.
ABŞ-a səfərləri çərçivəsində Müstakil Sanayici ve İşadamları Derneği (MÜSİAD) prezidenti Burhan Özdemir və nümayəndə heyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla Nyu-Yorkda görüşüblər. Görüş zamanı Azərbaycan və Türk Dövlətlər Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadilələri aparılıb. 1990-cı ildə təsis edilən və 85 ölkədə 60 min şirkəti birləşdirən MÜSİAD, güclü iqtisadi əlaqələrin və yeni sərmayə imkanlarının inkişafına xidmət edən qlobal platforma olaraq fəaliyyət göstərir.
ABŞ-da keçirilən tədbirdə çıxış edən Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, ABŞ-ı Türkiyənin həm mühüm ticarət tərəfdaşı, həm də strateji müttəfiqi kimi dəyərləndirib. Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün bölgə və dünya üçün faydalı olacağına ümid etdiyini bildirib.