#Sovet ordusu

1979-cu il dekabrın 24-də Sovet İttifaqı 1978-ci il Sovet–Əfqan Dostluq Müqaviləsini əsas gətirərək Əfqanıstana hərbi müdaxilə edib. Məlumata görə, gecə yarısına yaxın sovet ordusu Kabula genişmiqyaslı hərbi hava daşınması həyata keçirib. Əməliyyatda təxminən 280 nəqliyyat təyyarəsi və hər biri təqribən 8 min 500 nəfərdən ibarət üç hərbi diviziya iştirak edib. Bir neçə gün ərzində Sovet qüvvələri paytaxt Kabula nəzarəti ələ keçirərək Tacbək Sarayına xüsusi hücum bölməsi göndərib. Hafizullah Aminə sadiq olan Əfqanıstan ordusunun bəzi hissələri qısa müddətli, lakin sərt müqavimət göstərib.