Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov bildirib ki, milli-mənəvi kimlik hər bir xalqın əsas dayaqlarından biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə birliyini və milli kimliyimizin gücünü bir daha təsdiqləyib. İnformasiya axınının sürətləndiyi müasir dövrdə dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə qarşı yaranan təhdidlər barədə də danışan O.Mürsəlov vurğulayıb ki, bu reallıq milli dəyərlərin qorunmasının yalnız mənəvi deyil, həm də təhlükəsizlik məsələsi olduğunu deməyə əsas verir. İstənilən dövlətdə xalqın milli kimlik anlayışının zəifləməsi onun daxili və xarici təsirlərə qarşı həssaslığını sual altına qoyur. Buna görə də hər birimiz milli kimliyimizin möhkəmləndirilməsi üçün səylərimizi birləşdirməliyik. İcra başçısı çıxışının sonunda tədbirin əhəmiyyətini vurğulayaraq, əldə olunacaq nəticələrin gələcək fəaliyyət üçün mühüm töhfələr verəcəyinə və milli kimliyimizin qorunması istiqamətində daha sistemli addımların atılmasına şərait yaradacağına əminliyini ifadə edib