İranın Xarici işlər naziri Abbas Araqçi Vaşinqton və Tehran arasında aparılan danışıqlar fonunda bir sıra xarici həmkarları ilə telefon danışığı edib. O, Türkiyə, Fransa və Pakistanın xarici işlər nazirləri ilə dialoqun intensivləşdirilməsinin vacibliyini vurğulayıb və regionda diplomatik proseslərin vəziyyəti barədə fikir mübadiləsi aparıb. Bu danışıqla İran rəhbərliyi regional əməkdaşlıq və diplomatik vasitəçilik səylərini gücləndirmək istəyir.
#Diplomatik proseslər
ABŞ Prezidenti Donald Trampın Merilend ştatında yerləşən Camp Devid prezident iqamətgahında nadir kabinet iclası keçirəcəyi bildirilir. Məlumata görə, görüşdə bütün kabinet üzvlərinin iştirakı gözlənilir və əsas müzakirə mövzularından birinin İranla bağlı vəziyyət olacağı qeyd edilir. Camp Devid adətən yüksək məxfilik tələb edən təhlükəsizlik və diplomatik məsələlərin müzakirəsi üçün istifadə olunur. Eyni zamanda, Respublikaçılar Partiyası daxilində İranla aparılan danışıqlarla bağlı fərqli mövqelərin də diqqət mərkəzində olacağı ehtimal edilir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran hazırkı mərhələdə diqqəti nüvə proqramına deyil, regional münaqişələrin və xüsusilə Livandakı hərbi vəziyyətin dayandırılmasına yönəldib. Onun sözlərinə görə, nüvə proqramının detalları bu mərhələdə müzakirə olunmayacaq və məsələnin yenidən gündəmə gəlməsi gələcək diplomatik proseslərin gedişindən asılı olacaq. Bu açıqlama İranın hazırkı diplomatik prioritetlərində dəyişiklik siqnalı kimi qiymətləndirilir.
Türkiyə Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlığı möhkəmləndirməyi və yaxın dialoqla güclənən əməkdaşlığın əhatə dairəsini genişləndirməyi hədəfləyən Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı Yvett Kuper ilə bir araya gəlib.
Pakistan Xarici İşlər Nazirliyi Livanın mövcud atəşkəs razılaşmasının bir hissəsi olduğunu açıqlayıb. Rəsmi bir daha İslamabad bildirib ki, Livanda sabitliyin qorunması Tehran və Vaşinqton arasında aparılan danışıqlar üçün mühüm əhəmiyyət kəsb edir.
Birləşmiş Millətlər Təşkilatı (BMT), növbəti Baş katibin müəyyən edilməsi üçün seçki prosesinə rəsmi şəkildə start verib. BMT Baş Assambleyası və BMT Təhlükəsizlik Şurası, üzv dövlətlərə namizədlərini təqdim etmələri üçün birgə məktub göndərib. BMT Baş Assambleyasının Prezidenti Annalena Baerbock açıqlamasında bildirib ki, o və Təhlükəsizlik Şurasının cari sədrliyini həyata keçirən Syerra-Leonenin BMT Daimi Nümayəndəsi Maykl İmran Kanu məktubu imzalayaraq üzv ölkələrə təqdim ediblər.