#Azərbaycan enerji resursları

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq, Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədilə közərmə lampaları mərhələli şəkildə dövriyyədən çıxarılır. Qanuna əsasən, 1 yanvar 2026-cı ildən etibarən 60 vatt və yuxarı gücə malik, 1 iyul 2026-cı ildən isə 25 vattdan (25 vatt daxil olmaqla) 60 vattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunur.

Azərbaycan 2025-ci ilin sentyabr ayında Türkiyənin üç ən böyük təbii qaz tədarükçüsü sırasında mövqeyini qoruyub saxlayıb. Hesabat dövründə Türkiyə Azərbaycandan 958,25 milyon kubmetr təbii qaz idxal edib ki, bu da 2024-cü ilin sentyabr ayı ilə müqayisədə 7,44 faiz azdır. Bununla belə, Azərbaycan Türkiyəyə boru kəməri ilə qaz tədarük edən ölkələr arasında ikinci yeri tutub və aylıq tədarük həcminə görə İran İslam Respublikasını qabaqlayaraq yalnız Rusiya Federasiyasından geri qalıb.