#Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə Balkan Sülh Platformasının ikinci iclası bu gün İstanbulda keçirilir. Regional dialoqun gücləndirilməsi məqsədilə təsis edilən platformanın bu görüşündə Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya xarici işlər nazirlərinin iştirakı nəzərdə tutulur.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın Ankaradakı səfiri və eyni zamanda Suriyanın xüsusi nümayəndəsi olan Tom Barrak ilə görüş keçirib. Diplomatik mənbələrdən verilən məlumata görə, Ankarada baş tutan görüşdə Türkiyə–ABŞ ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, regional təhlükəsizlik məsələləri və Suriya ilə bağlı proseslər müzakirə olunub. Tərəflər regionda sabitliyin təmin olunması, siyasi proseslərin irəlilədilməsi və diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. Görüş zamanı qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıldığı bildirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında yeni görüşün planlaşdırıldığını açıqlayıb. nazir Fidan tərəflərin bu görüşü fevral ayında, Ramazan ayı başlamazdan əvvəl reallaşdırmaq niyyətində olduqlarını bildirib. Hazırda Prezident Ərdoğanın proqramına uyğun olaraq bir neçə mümkün tarix üzərində iş aparılır. Nazir qeyd edib ki, Türkiyə tərəfi Ege dənizindəki ərazi suları və kontinental şelf məsələləri başda olmaqla bütün mövcud problemlərin köklü həlli üçün masaya oturmağa hazırdır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan media nümayəndələri ilə keçirdiyi qiymətləndirmə görüşündə İran ətrafında yaranmış vəziyyətə və rəsmi Ankara üçün bu ölkənin əhəmiyyətinə dair mühüm açıqlamalar verib. Hakan Fidan Türkiyənin İrana qarşı hər hansı hərbi müdaxiləyə qəti şəkildə qarşı olduğunu bildirib. O qeyd edib ki, İran öz daxili problemlərini özü həll etməli və bölgənin qaldıra bilməyəcəyi genişmiqyaslı qeyri-sabitlik ssenarilərindən qaçınılmalıdır. Nazir Türkiyənin İranla əsrlərə dayanan sabit sərhədə və sıx ticari-sosial əlaqələrə malik olduğunu xatırladaraq bu ölkədə baş verən hər bir hadisənin Türkiyəni birbaşa maraqlandırdığını vurğulayıb.

İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı zamanı bölgədəki son hadisələri dəyərləndirib. Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, telefon danışığı zamanı regional sabitliyin qorunması yolları ətrafında fikir mübadiləsi aparılıb. Abbas Əraqçi ilə söhbətində Hakan Fidan mövcud gərginliklərin aradan qaldırılması üçün diplomatik müzakirələrin və dialoqun vacibliyini diqqətə çatdırıb.

Türkiyə Xarici işlər naziri Hakan Fidan bu gün Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon danışığı aparıb. Danışıq zamanı Hələb şəhərində baş verən son hadisələr müzakirə edilib. Türkiyə XİN-in mənbələrindən verilən məlumata görə, Hakan Fidan Suriya Xarici İşlər naziri Əsəd Həsən əş-Şeybani ilə telefon əlaqəsi saxlayıb. Görüşdə Hələbdə yaşanan son hadisələr diqqət mərkəzində olub.

Türkiyə Xarici işlər naziri Hakan Fidan sabah Türkiyəyə səfər edəcək Oman xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüşəcək. Görüşdə Türkiyə ilə Oman arasında ticarət dövriyyəsinin ortaq hədəf olan 5 milyard dollara çatdırılması istəyi, Omanın regional məsələlərin dialoq yolu ilə həllinə verdiyi töhfələr və Yəməndə davamlı siyasi həllə dəstək müzakirə olunacaq. Fidan Türkiyənin Yəmənin suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayacaq, Qəzzada humanitar vəziyyətə diqqət çəkərək yardımların fasiləsiz çatdırılmasının vacibliyini qeyd edəcək.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Fransa Prezidenti Emmanuel Makronun ev sahibliyi ilə sabah Parisdə təşkil olunacaq Ukrayna mövzulu Könüllülər Koalisiyası Liderlər Zirvəsində iştirak edəcək. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən verilən məlumata görə, Hakan Fidan zirvədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək. Zirvədə Ukraynada sülhün təmin olunması məqsədilə aparılan danışıqlar, mövcud sülh planı layihələrinin son durumu, eləcə də Ukraynaya veriləcək təhlükəsizlik zəmanətlərində Könüllülər Koalisiyasının oynaya biləcəyi rolun müzakirə olunması nəzərdə tutulur.