#iman

Dindarların üzərinə düşən əsas vəzifələrdən biri mədəniləşmə səviyyəsini yüksəltməkdir. Əks halda, dünyanın bu qədər sürətli və intensiv inkişaf etdiyi bir mərhələdə onlar istismara məruz qalmağa davam edəcəklər. Bu istismar bəzən sosial, bəzən siyasi, bəzən isə ideoloji formada ortaya çıxır. Daha təhlükəlisi isə odur ki, mədəni təməli zəif olan bəzi dindarlar zamanla radikal düşüncələrin təsiri altına düşürlər.

Bu gün dostlarla bir məclisdə idim. Bir zamanlar universitetdə gələcək arzuları quran insanlar idik. İndi isə gələcəyin içində, yenə gələcək haqqında arzular qururuq. Bir vaxtlar bizi evdə valideynlər gözləyirdi. İndi isə biz övladlarımızı gözləyirik. Bir zaman hamımız sağlam idik. İndi isə çoxumuzun ya cibində dərman var, ya da səhhətində bu və ya digər problemlər.

Bu dünyada ən böyük dairə insanlıq dairəsidir. Allahın insan olaraq yaratdığı və insan fitrəti verdiyi hər bir kəs insandır. Bəşəriyyət ümumi dəyərlərdə birləşə bilir. Təbii ki, fərdi hallar mövcuddur. İnsanlığını itirmiş və azğın hala gəlmiş olanlar olur. Lakin hər bir insan millətindən, dilindən asılı olmayaraq ata anasına bağlıdır. Övladını sevir. Böyüdüyü yerlərə bağlıdır. Qəlbi pisliyi götürməz. Yenə deyirəm, adamlıqdan çıxanlar istisna. Ona görə uzaq Skandinaviyada bir qadın Qəzza zülmünü görəndə hönkürtü ilə ağlaya bilir. İndi mən durub desəm ki, insan ancaq mənim dinimdən və rəngimdən olanlardır, mənim kimi danışanlardır. Uca Allahın bu şəkildə ayələrini inkar edərəm: "Ey insanlar..."