İstanbuldan Ciddəyə uçmaq üçün hazırlıq görən sərnişin təyyarəsində bir sərnişinin “təyyarədə bomba var” deməsi panikaya səbəb olub. Hadisə ilə bağlı təyyarəyə çağırılan polis qrupları tərəfindən aparılan axtarışlar nəticəsində həyəcan siqnalının əsassız olduğu müəyyən edilib. İstanbul Hava Limanından SV278 reysi ilə Ciddəyə uçmağa hazırlaşan Saudia Airlines şirkətinə məxsus Airbus A321 tipli sərnişin təyyarəsində bomba xəbəri yayılıb. Uçuşdan əvvəl sərnişinlər arasında olan bir nəfərin “təyyarədə bomba var” deməsi nəticəsində kabin heyəti dərhal məsələni kapitan pilota çatdırıb.