#Sürətli Dəstək Qüvvələri (RSF)

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası Darfurun Əl-Faşer şəhərində törədilən dəhşətli cinayətlərə görə Çevik Dəstək Qüvvələrinin (RSF) dörd yüksək rütbəli komandirinə qarşı sanksiya tətbiq olunması barədə qərar qəbul edib. BMT-nin keçən həftə apardığı araşdırma nəticəsində RSF-nin 18 ay davam edən mühasirə və oktyabrda Əl-Faşerin ələ keçirilməsi zamanı soyqırımı aktları törətdiyi müəyyən olunub. Sanksiya siyahısına daxil edilənlər arasında RSF komandirinin müavinləri Əbdülrəhim Hamdan Daqlo və Qedo Hamdan Əhməd, briqada generalı Əl-Fateh Abdullah İdris və səhra komandiri Tijani İbrahim yer alıb.

ABŞ-ın dövlət katibi Marko Rubio ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed Al Nəhyan telefon danışığı zamanı Sudanda atəşkəsin təmin olunması məsələsini müzakirə ediblər. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamaya görə, Rubio və Al Nəhyan Sudandakı mövcud vəziyyəti dəyərləndirərək “humanitar atəşkəsin” vacibliyi barədə fikir mübadiləsi aparıblar. Telefon danışığında həmçinin Yəməndə sabitliyin qorunmasının əhəmiyyəti və husilərlə mübarizə məsələsi də gündəmə gətirilib.

Avropa İttifaqı (Aİ) Sudanın Darfur əyalətinə həyati əhəmiyyət daşıyan humanitar yardımın çatdırılması məqsədilə təcili hava körpüsü əməliyyatına start verdiyini açıqlayıb. Aİ Komissiyasının yaydığı yazılı bəyanata görə, yardım çərçivəsində ümumilikdə 8 uçuşun həyata keçirilməsi planlaşdırılır. İlk uçuş ötən cümə günü, 12 dekabr tarixində reallaşdırılıb və Aİ-nin humanitar yardım ehtiyatlarından, eləcə də tərəfdaş təşkilatlardan təmin edilən təxminən 100 ton yardım bölgəyə çatdırılıb.

ABŞ administrasiyası çərşənbə günü Sudandakı müharibəni qızışdırmaqda ittiham etdiyi şəxslərə və təşkilatlara qarşı sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyi bildirib ki, hədəf alınanlar paramilitar Sürətli Dəstək Qüvvələri (RSF) üçün döyüşçülər, o cümlədən uşaqlar da daxil olmaqla hərbi təlim keçən transmillət şəbəkəsinin üzvləridir. Bu baradə ABŞ Maliyyə Nazirliyinin Teror və Maliyyə Kəşfiyyatı üzrə Müavini Con Hurli açıqlama verib.

Birləşmiş Millətlər Təşkilatı (BMT), Sudanın Kurdofan bölgəsində zorakılığın və mülki əhaliyə yönəlik təhlükənin artdığını bildirərək, Cənubi Kurdofan əyalətinin Kadugli şəhərində aclıq şəraitinin qeydə alındığını və bunun digər bölgələrə yayılma riski olduğunu xəbərdar edib. Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında çıxış edərkən bildirib.

Sudanın Əl-Faşir şəhərində baş verən zorakılıqlar nəticəsində minlərlə insan evlərini tərk edərkən, yüzlərlə uşaq ailəsiz şəkildə qaçqın düşərgələrinə çatıb. Rəsmi məlumatlara görə, hər gün daha çox uşaq valideynlərindən ayrı düşərək düşərgələrə gəlir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, oktyabrın sonlarından etibarən Sürətli Dəstək Qüvvələri (RSF) qüvvələrinin Əl-Faşirdə Sudanın ordusundan geri alması nəticəsində Qərbi Darfurda 100 mindən çox insan evlərini tərk edib.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında üç ilə yaxın davam edən gərgin vəziyyət nəticəsində 21,2 milyon insanın qida təminatı baxımından çətinliklərlə üzləşdiyini açıqlayıb. BMT bildirib ki, xüsusilə iki bölgədə ciddi qida çatışmazlığı müşahidə olunub. Ancaq vəziyyətin nisbətən sabit olduğu bölgələrdə Dünya Qida Proqramı (WFP) yardımları genişləndirilib və insanların ehtiyacları müəyyən qədər ödənilib.

Sudanda Sürətli Dəstək Qüvvələrinin rəhbəri Məhəmməd Hamdan Daqalu üç aylıq humanitar atəşkəs elan edib. RSF-nin sosial media hesabında yayımlanan videoda Daqalu bildirib ki, müharibə xalqı yorub, insanların əzabları artıb və qan tökülməsinin dayandırılması təxirə salınmaz bir vəzifəyə çevrilib. O əlavə edib ki, milli məsuliyyət və ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə dördlü mexanizm (ABŞ, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri), Afrika Birliyi və Şərqi Afrikada Hökumətlərarası İnkişaf Təşkilatının beynəlxalq səylərinə cavab olaraq atəşkəs elan olunur.

Sudan ordusu ilə Sürətli Dəstək Qüvvələri (RSF) arasında davam edən münaqişə artıq yalnız döyüş meydanlarında və dağıdılmış şəhərlərdə deyil, həm də beynəlxalq məhkəmələrdə davam edir. Hər iki tərəf 2023-cü ilin aprelində başlayan müharibədən bəri törədilən cinayət və insan hüquqları pozuntularına görə bir-birini ittiham edir. Bu dönüşüm – silahlı qarşıdurmadan hüquqi və diplomatik müstəviyə keçid – münaqişənin hərbi aspektləri ilə yanaşı, hüquqi və siyasi mübarizənin də sərtləşdiyini göstərir və gələcək güc balansını müəyyən edə bilər.

Sudanın mərkəzində yerləşən Kordofan bölgəsində aclıq və kəskin qida çatışmazlığı səbəbindən bir ay ərzində 23 uşaq həyatını itirib. Sudan Həkimlər Şəbəkəsi ölümlərin 20 oktyabr–20 noyabr tarixləri arasında mühasirədə olan Kadugli şəhəri və Dilling qəsəbəsində qeydə alındığını bildirib. Ölkədə 30 aydan çoxdur davam edən və ordunun Sürətli Dəstək Qüvvələri (RSF) ilə toqquşması nəticəsində yaranan müharibə humanitar vəziyyəti kəskin şəkildə pisləşdirib. BMT-nin məlumatına görə, müharibə 40 min insanın ölümünə səbəb olub, 14 milyondan çox insan evlərini tərk etməyə məcbur qalıb və ölkənin geniş hissələrində aclıq hökm sürür.