#Maale Adumim

OCHA-nın hesabatına əsasən, işğal altındakı Qərb Sahilində vəziyyət ciddi gərgin olaraq qalır. 12–18 may tarixləri arasında İsrail qüvvələri və məskunlaşanların hücumları nəticəsində 5 fələstinli, o cümlədən 1 uşaq öldürülüb, 60 nəfər yaralanıb. Yaralanmaların əksəriyyəti məskunlaşan hücumları və İsrail reydləri zamanı baş verib. Hesabatda qeyd olunur ki, yalnız bir həftədə 50-dən çox hücum həyata keçirilib, xəsarətlər və əmlak ziyanları qeydə alınıb, evlər, əkin sahələri, nəqliyyat vasitələri və hətta bir məscid hədəf olub. Şərqi Qüdsdə isə Xan əl-Əhmər bölgəsində məcburi köçürülmə riski artıb; bu ərazi təxminən 4,000 nəfərlik bədəvi və heyvandarlıq icmasını əhatə edir.

Doqquz ölkənin rəhbərləri İsrailin İordan çayının qərb sahilində yerləşən E1 bölgəsində yeni yaşayış məntəqələrinin genişləndirilməsi planlarını tənqid edərək bunun beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Birgə bəyanatda İsrail hökumətinə yaşayış məntəqələrinin genişləndirilməsini dayandırmaq, zorakılıq halları ilə bağlı məsuliyyət mexanizmlərini gücləndirmək və ilhaq çağırışlarından imtina etmək çağırışı edilib.

Türkiyənin Xarici İşlər Nazirliyi İsrail parlamentinin (Knesset) işğal altındakı İordan çayının qərb sahilinin ilhaqını nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə kəskin etiraz bildirib. Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, İsrailin bu addımı beynəlxalq hüquqa ziddir və “yox hükmündə” sayılır. “Qəzzada sülh səylərinin davam etdiyi bir vaxtda atılan bu təxribat xarakterli addım bölgədəki təhlükəsizlik və sabitliyi ciddi şəkildə təhdid edir”, – açıqlamada vurğulanıb.

İsrail parlamenti - Knesset, çərşənbə günü keçirilən iclasda Qərb Sahilinə İsrail suverenliyinin tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Knesset eyni zamanda Şərqi Qüds yaxınlığındakı “Maale Adumim” yaşayış məntəqəsinin İsrail ərazisinə ilhaqını nəzərdə tutan qanun layihəsini də ilkin oxunuşda qəbul edib.