Oktyabrın 17-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. Görüşdə qubernatorluğun prezidenti Raffaella Petrini Heydər Əliyev Fondunun Vatikanda həyata keçirdiyi layihələrə görə Azərbaycan dövlətinə dərin və səmimi təşəkkürünü bildirib. Rahibə Raffaella Petrini Azərbaycanın Birinci vitse-prezidentinin Müqəddəs Taxt-Taca səfərlərini yüksək qiymətləndirərək, Mehriban Əliyevanın qarşılıqlı anlaşmanın, dinlərarası dialoqun və mədəni əlaqələrin inkişafına göstərdiyi dəyərli dəstəyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, belə təşəbbüslər xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mehriban münasibətlərin formalaşmasına xidmət edir.