#Barak MX

Yunanıstan və İsrail arasında 3,1 milyard avro dəyərində hava müdafiə sistemi layihəsi üzrə yekun sazişin imzalanacağı bildirilir. “Aşil qalxanı” adlandırılan layihə çərçivəsində Yunanıstan İsrail istehsalı bir sıra hava müdafiə sistemləri əldə edəcək. “Kathimerini” qəzetinin məlumatına görə, saziş bazar ertəsi İsraildə imzalanacaq və layihənin 35 ay ərzində başa çatdırılması planlaşdırılır.

Türkiyənin ərazi sularında keçirilən və bir neçə gün davam edən “Dostluq dənizi-2025” adlı Misir-Türkiyə birgə dəniz təlimləri başa çatıb. Bu addım iki ölkə arasında hərbi koordinasiyanı gücləndirsə də, müşahidəçilərə görə, İsrail başda olmaqla bəzi qonşu dövlətlərdə narahatlıq yaradıb. Misir ordusunun rəsmi sözçüsü açıqlamasında bildirib ki, təlimlərin məqsədi “ikili imkanlardan maksimum faydalanmaq və müxtəlif təhlükələrə qarşı dəniz əməliyyatlarının qorunması üsullarında təcrübə mübadiləsi aparmaq” olub. Onun sözlərinə görə, təlimlər çərçivəsində əməliyyat konsepsiyalarının birləşdirilməsi üçün çoxsaylı seminarlar keçirilib, hər iki ölkənin xüsusi qüvvələri müxtəlif silahlardan atışlar icra edib, helikopterlərin gəmilər üzərində mübadiləsi aparılıb, şübhəli gəmilərin yoxlanılması, həmçinin dənizdə təchizat tapşırıqları həyata keçirilib.