#Milli Məclis

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və beynəlxalq parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətlərinin başçıları 27 sentyabr – Anım Günü ilə əlaqədar beynəlxalq parlament təşkilatlarındakı və xarici ölkələrin parlamentlərindəki həmkarlarına müraciət ünvanlayıblar.

Azərbaycanda səfərdə olan Bəhreyn krallığı nümayəndələr şurasının baş katibi Məhəmməd İbrahim Aisisi Albuainayinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 5-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, tər güllər düzüblər.

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 3-də Fələstin Dövlətinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Əhməd Metani ilə görüşüb. Bu barədə AzerVoice-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Görüşdə spiker Sahibə Qafarova səfiri ölkəmizdə fəaliyyətə başlaması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb. Söhbət zamanı xalqlarımız arasında ortaq dəyərlər əsasında qurulmuş dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu qeyd edilib. Ötən dövr ərzində iki ölkə arasında əlaqələrin əhəmiyyəti, beynəlxalq çərçivədə qarşılıqlı dəstəyin önəmi vurğulanıb. Səfir Əhməd Metani Fələstin xalqına dəstəyi, həmçinin münaqişənin həllində göstərdiyi səylərə görə Azərbaycana təşəkkürünü bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü xüsusi qeyd edərək, müsbət təəssüratlarını bölüşüb.

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək. AzerVoice xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sentyabrın 10-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. "Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu layihəsi komitədə müzakirə ediləcək.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsindən sonra Rusiyadan Azərbaycana qarşı kütləvi informasiya kampaniyası ilə bağlı bəyanat yayıb. Monitorinq zamanı müəyyən olunub ki, aparıcının Zəngəzur dəhlizi ilə bağlı sualına Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanan cavabı kontekstdən çıxarılaraq saxtalaşdırılmış və ya təhrif olunmuş formada rus oxucusuna təqdim edilir.