#Doha partlayış

AzerVoice xəbər verir ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən və İsraillə Fələstin HƏMAS hərəkatı arasında müharibənin dayandırılmasını hədəfləyən ilk danışıqlar mərhələsi bazar ertəsi axşamı başa çatıb. Misir kəşfiyyatına yaxın “Al-Qahira News” telekanalının məlumatına görə, “HƏMAS və vasitəçilər arasında keçirilən ilkin müzakirələr müsbət atmosferdə yekunlaşıb” və görüşlər çərşənbə axşamı da davam edəcək.

İsrail hərbi təyyarələri bölgənin səmalarında dolaşır. Raketlər və bombalar ataraq dağıdır, öldürür, sui-qəsdlər törədir və beynəlxalq hüquq normalarını yaranından bəri görünməmiş şəkildə param-parça edir. İsrail qüvvələri son dövrdə müxtəlif formalarda və dərəcələrdə beş ərəb ölkəsini bombaladı. Əvvəlcə, təbii ki, Fələstin, sonra isə Livan, Suriya, Yəmən və Qətər. Əgər buna İranı da əlavə etsək, say Yaxın Şərqdə altıya çatır. Eyni zamanda “Böyük İsrail” haqqında söhbətlər İsrail hökuməti dairələrinin və başqalarının dilində dolaşır.

Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.

İsrailin Baş naziri Benyamin Netanyahu, bir həftə əvvəl Dohada həyata keçirilən hava hücumundan sonra Qətərə qarşı “sözlü” hücumlarını artırıb. Yedioth Ahronoth və Maariv qəzetlərinin məlumatına görə, Netanyahu Qüdsün qərbində yerləşən ofisində mətbuat konfransı keçirib. Netanyahu bildirib ki, Qətərə qarşı sərt tənqidlər səsləndirib və "bunları müharibə zamanı ifadə etdiyini" deyib. "Qətər istəsəydi, çox daha güclü təzyiq göstərə bilər və oğurlanan bütün vətəndaşlarımızın (israilli əsirlərin) azad olunmasına yardımçı ola bilərdi" deyə iddia edən Netanyahu, Qətərin HƏMAS-la əlaqəli olduğunu, HƏMAS-ı dəstəklədiyini, ona ev sahibliyi etdiyini və maliyyələşdirdiyini bildirib.

ABŞ Prezidenti Donald Tramp İsrailin Qətərə təkrar hücum etməyəcəyini söyləyib. Tramp Oval Ofisdə jurnalistlərin suallarını cavablandırarkən İsrailin Qətərə endirdiyi hava hücumu ilə bağlı danışıb. Qətərin "çox yaxşı bir müttəfiq olduğunu və bir çox insanın bunun fərqində olmadığını" deyən Tramp, İsrail Baş naziri Benyamin Netanyahunun Qətərə yenidən hücum etməyəcəyini bildirib. Tramp, İsrailin HƏMAS-a qarşı başqa tədbirlərə əl atacağını vurğulayaraq, “Netanyahunun Qətəri vurmayacağını, bəlkə də onların (HƏMAS-ın) ardınca gedəcəyini” ifadə edib.

İsrail Baş naziri Benyamin Netanyahu bazar günü bəyan edib ki, ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfəri iki ölkə arasındakı “ittifaqın və dostluğun gücünü” nümayiş etdirir. Bu açıqlama, İsrailin Dohada HƏMAS rəsmilərini hədəf aldığı zərbədən bir neçə gün sonra gəlib. Müşahidəçilərə görə, Rubionun səfərinin əsas məqsədi Vaşinqtonun İsrailə dəstəyini göstərməkdir. Bu, ərəb ölkələrinin geniş şəkildə Qətəri dəstəklədiyi, eyni zamanda Dohada keçirilən ərəb-islam sammitinin fonunda baş verir.

İran prezidenti Məsud Pezeşkian bazar ertəsi Dohada keçiriləcək fövqəladə sammitdən əvvəl çıxış edərək İslam ölkələrini İsraillə münasibətləri kəsməyə çağırıb. Pezeşkian bildirib ki, İsrail “heç bir hüquqi çərçivəni tanımır, qanunlara hörmət etmir” və İslam ölkələri birlik və həmrəyliyi qorumaq üçün bu “saxta rejimlə” əlaqələrini kəsə bilərlər. Dohada keçirilən fövqəladə ərəb-islam sammiti öncəsi danışan İran lideri ümid etdiyini bildirib ki, görüş İsrailə qarşı praktik addımlar barədə nəticə verəcək. O əlavə edib ki, “sionist rejim” yalnız Fələstində deyil, bir sıra İslam ölkələrinə qarşı da təcavüzkar hərəkətlər edib.

Misir, İsrailin Dohaya endirdiyi hava zərbəsinə cavab olaraq təhlükəsizlik sahəsində Tel-Əvivlə koordinasiyanı məhdudlaşdırmaq qərarına gəlib. Misir rəsmiləri İsrailə açıq mesaj göndərərək bildiriblər ki, ölkə ərazisində oxşar hücumların həyata keçirilməsi silahlı cavabla qarşılanacaq. “HƏMAS liderlərinin həyatına Misir torpaqlarında ediləcək hər hansı sui-qəsd, dövlətimizin suverenliyinin pozulması və İsrailin müharibə elan etməsi kimi qəbul ediləcək. Biz də tərəddüd etmədən cavab tədbirləri görəcəyik.” - deyə qeyd edilib.

Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.

Qətər Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edərək İsraili Qəzza zolağındakı girovlara laqeyd yanaşmaqda günahlandırıb. O bildirib ki, İsrailin bu həftə Doha şəhərinə endirdiyi hava hücumu yalnız ölkəsinin suverenliyini pozmayıb, həm də regional sülhə ciddi təhdid yaradıb.