#Orta Dəhliz

Orta Dəhliz üzrə tranzit həcmləri artmaqda davam edir, Zəngəzur Dəhlizinin istifadəyə verilməsi isə bu rolu daha da möhkəmləndirəcək. Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib. O vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji regional mərkəz rolunu daha da gücləndirir: "Müasir infrastruktur – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt İqtisadi Zonası və yenilənmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxış və səmərəli logistika həlləri yaradır".

Beynəlxalq logistika zəncirlərinin dərin transformasiya dövründə Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Middle Corridor) Avrasiyanın iqtisadi xəritəsini yenidən konfiqurasiya edə biləcək strateji layihə keyfiyyəti qazanır. Çinlə Avropanı Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə birləşdirən bu marşrut sadəcə alternativ yol deyil, qlobal təlatümlər dövrünün çağırışlarına qanunauyğun cavabdır.

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizdə çox böyük rol oynaya bilər: "Biz artıq son beş il ərzində bu gündəliyi irəli aparırıq və bu ilin avqust ayında bu dəhliz beynəlxalq müstəvidə də təsdiqləndi. Mən burada üçtərəfli görüşü nəzərdə tuturam – cənab Əliyev, cənab Putin və Paşinyan arasında. Yəni artıq ortaya qoyuldu ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Dünyanın aparıcı işgüzar mərkəzlərindən biri olan Honq-Konqda keçirilən mötəbər 10-cu Belt and Road Summit tədbirində Azərbaycan özünün multikulturalizm və tolerantlıq dəyərlərini bütün dünyaya bir daha nümayiş etdirdi. Tədbirdə Azərbaycan Françayzinq Mərkəzinin təşəbbüsü olan EtnoVillage.life layihəsi təqdim edildi və qlobal miqyasda böyük maraq doğurdu.

8 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ABŞ-nin Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələrini qəbul edib. Bu barədə AzerVoice-ə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı, cari ilin 8 avqust tarixində Vaşinqtonda Azərbaycan və ABŞ Prezidentlərinin və Ermənistanın Baş nazirinin iştirakı ilə aparılmış müzakirələr və imzalanmış sənədlərin tarixi əhəmiyyəti qeyd olunub, bu razılaşmaların regional sülh və tərəqqiyə töhfəsi qeyd edilməklə yanaşı, Azərbaycan-ABŞ əlaqələri üçün böyük perspektivlər açdığı vurğulanıb.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də strateji sərmayədir və türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Onun sözlərinə görə, dəhlizin 15 milyon ton yükdaşıma potensialı var. “30 illik proqnoza görə, Zəngəzur dəhlizindən 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza gəliri, 2,1 milyard lirə iqlim qənaəti, 3,5 milyard lirə isə yol və zaman qənaəti əldə ediləcək. Beləliklə, ümumilikdə 147,6 milyard lirə gəlir gözlənilir”, – Uraloğlu qeyd edib.