#Hibrid müharibə Azərbaycan

XXI əsrdə beynəlxalq qarşıdurmanın aparıcı forması hibrid müharibədir. Bu yeni reallıq artıq müharibə ilə sülh arasındakı sərhədləri silib. Ekspertlərin dediyinə görə, belə savaşlarda düşmən açıq hərbi müdaxiləyə əl atmadan gizli əməliyyatlar, diversiyalar, kiberhücumlar və separatçıların dəstəklənməsi kimi vasitələrdən istifadə edir. NATO-nun rəsmi yanaşmasında hibrid təhlükələr dedikdə, rəqibin eyni anda həm ənənəvi, həm də qeyri-ənənəvi vasitələrdən çevik şəkildə yararlanaraq siyasi-hərbi məqsədlərə çatmaq bacarığı nəzərdə tutulur. Azərbaycanın mürəkkəb geosiyasi mühitdə yerləşməsi bu problemi bizim üçün xüsusi aktuallığa çevirib.

Biz elə bir dövrdə yaşayırıq ki, artıq cəbhə xətti təkcə torpaq üzərindən deyil, görünməz data kanalları boyunca da keçir. Kiberməkan artıq köməkçi platforma deyil, siyasi və hərbi qarşıdurmanın tamhüquqlu meydanına çevrilib. Burada rəqəmsal hücumlar bəzən klassik siyasi və ya hərbi addımların davamı, bəzən isə öncülü rolunu oynayır. Azərbaycanın geosiyasi mövqeyi - qlobal enerji və nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi, üstəlik müstəqil və aktiv xarici siyasəti - ölkəmizi bu görünməz savaşın mərkəzinə çəkib. Nəticədə dövlətimiz ardıcıl, sistemli və günü-gündən daha mürəkkəb kibertəhlükələrə hədəf olur. Bu hücumların məqsədi yalnız müvəqqəti sistem nasazlığı yaratmaq deyil, uzunmüddətli strateji hədəflərə xidmət etməkdir: dövlət institutlarına inamı sarsıtmaq, kəşfiyyat məlumatı toplamaq, iqtisadi zərbə vurmaq və sosial gərginlik yaratmaq.