Böyük Britaniya Körfəz ölkələri üçün səyahət xəbərdarlığını yumşaldıb. BƏƏ, Qətər və Küveyt üçün əvvəlki məhdudiyyətlər ləğv olunub. Bu qərar regiondakı vəziyyətin yenidən qiymətləndirilməsi ilə bağlıdır. Mart ayında xəbərdarlıqlar münaqişəyə görə tətbiq olunmuşdu. Yeni tövsiyədə ABŞ–İran razılaşmasına da istinad edilib. Lakin vəziyyətin hələ də qeyri-sabit olduğu vurğulanıb. Hücum riskinin tam aradan qalxmadığı qeyd olunub. Regionda diqqətli davranış tövsiyə olunur.
#xəbərdarlıq
İran Silahlı Qüvvələrinin yaydığı son bəyanat bölgədə davam edən gərginliyin yeni mərhələyə keçə biləcəyi ilə bağlı müzakirələri gücləndirib. Tehran son hücumların cavab xarakteri daşıdığını bildirərək, hərbi əməliyyatların dayandırıldığını açıqlayıb. Bununla yanaşı, İran rəhbərliyi İsrailə açıq xəbərdarlıq edərək, hücumlar və təxribat xarakterli fəaliyyətlər davam edərsə daha sərt tədbirlərin görüləcəyini bəyan edib. Xüsusilə Livanın cənubunda mümkün yeni hərbi əməliyyatların baş verməsi halında cavab tədbirlərinin daha geniş miqyaslı ola biləcəyi vurğulanıb. Son açıqlama İsrail və İran arasında yenidən artan qarşıdurma fonunda verilib və bölgədə təhlükəsizlik vəziyyətinin gələcəyi ilə bağlı sualları artırıb.
Çin Xalq Azadlıq Ordusu Cənubi Çin dənizində “rutin patrul” həyata keçirib və Filippini hər hansı təxribatdan çəkinməyə çağırıb. Bu barədə ordunun Cənub Əməliyyat Komandanlığının sözçüsü bildirib. O vurğulayıb ki, Filippin dərhal insidentlər törətməyi və bölgədə gərginliyi artırmağı dayandırmalıdır. O əlavə edib ki, Çin qüvvələri bu ərazidə ölkənin suverenliyini qorumaqda davam edəcək.
Havay adalarında dördüncü kateqoriyalı “Kiko” qasırğasının yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bununla bağlı Havay ştatının qubernatoru vəzifəsini icra edən Silviya Lyuk bəyanat yayıb. “Qərar əhalinin sağlamlığını, təhlükəsizliyini və rifahını qorumaq üçün fövqəladə tədbirlərin və resursların işə salınmasını nəzərdə tutur. ‘Kiko’ qasırğası ilə əlaqədar güclü küləklər, leysan yağışlar və hündür dalğalar sentyabrın 8-də, bazar ertəsi günü ştatın bəzi hissələrinə təsir göstərə bilər” – deyə bəyanatda vurğulanıb.