#İsrail Qəzza işğalı

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb. Bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir. Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.

İsrailin müdafiə naziri İsrael Katz, ordunun Qəzza şəhərinə qarşı hücumları genişləndirməyə hazırlandığını bildirərək, bu gün bölgədə “şiddətli hücumlar” həyata keçiriləcəyini bəyan edib. Katz, ABŞ mərkəzli X sosial media platformasında yazdığı paylaşımda, Qəzzadakı çoxmərtəbəli binaların və digər tikililərin hədəfə alınacağını açıqlayıb.

İsrail ordusunun sözçüsü, briqada generalı İvi Dibrin (Evy Dibrin) cümə axşamı açıqlamasında bildirib ki, ordunun hazırda Qəzza şəhərinin təxminən 40 faizinə nəzarət edir. O, yaxın günlərdə əməliyyatların daha da genişlənəcəyini və intensivləşəcəyini vurğulayıb. Məqsəd şəhərə tam nəzarəti ələ almaq və HƏMAS-ı hərbi cəhətdən zəiflətməkdir. Ötən həftə İsrail Qəzza şəhərini rəsmi olaraq “döyüş bölgəsi” elan edib. Şəhərin bəzi hissələri “qırmızı zona” kimi tanınıb və yerli əhalidən təxliyə olunmaları tələb edilib. İsrail mətbuatının yazdığına görə, 200 minə yaxın fələstinlinin evlərini tərk etməkdən imtina edəcəyi gözlənilir.

İsrailin “Haaretz” qəzeti yazır ki, ordu Qəzza şəhərini işğal etmək üçün həm çağırışçı əsgərlərin, həm də binaların dağıdılması üçün zəruri olan buldozerlərin çatışmazlığından əziyyət çəkir. Çərşənbə günü İsrail ordusu Qəzza şəhərinin tam işğalı üçün “Gideon Arabaları - 2” adlı əməliyyata start verib. Qəzet yazır ki, ilkin açıqlamalarda çağırılan ehtiyat əsgərlərin əksəriyyətinin İordan çayının Qərb sahili və İsrailin şimalında (Livan və Suriya istiqamətində) xidmət edən nizami qüvvələrin yerini alacağı bildirilmişdi. Lakin indi ən azı üç ehtiyat briqadasının birbaşa Qəzzada yerləşdirilməsi planlaşdırılır.