İsrail qüvvələri Əl-Xəlil vilayətində keçirdiyi əməliyyat zamanı 10 fələstinlini saxlayıb. Saxlanılanlar arasında yaşlı bir kişi və onun oğlu da var. Bildirilir ki, onlar qanunsuz məskunlaşmaçıların fəaliyyətinə etiraz etdikdən sonra saxlanılıblar. İsrail hərbçiləri səhər saatlarında bir neçə yaşayış məntəqəsində evlərə daxil olaraq əməliyyat keçiriblər. Əl-Xəlil şəhəri və ətraf yaşayış məntəqələrinin girişlərində hərbi nəzarət məntəqələri yaradılıb. Bir sıra əsas və ikinci dərəcəli yollar bağlanıb. Bölgədə hərəkət ciddi şəkildə məhdudlaşdırılıb. Hadisə işğal altındakı İordan çayının qərb sahilində davam edən gərginlik fonunda baş verib.
#saxlanılma
İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində yerləşən Mixmas kəndində səkkiz fələstinlini saxlayıb. İsrail ordusu onların kəndə daxil olan israilli məskunlaşanlara hücum etdiyini iddia edir. İsrail polisi isə məskunlaşanların yol hərəkəti qaydalarını pozduqdan sonra kəndə daxil olduqlarını bildirib. Sonradan onların şüşələri sındırılmış avtomobili tapılıb. Mixmas kəndinin son aylarda dəfələrlə basqınlara məruz qaldığı bildirilir. Yaxınlıqdakı bədəvi yaşayış məntəqəsinin də zorakılıqlar səbəbindən boşaldıldığı qeyd olunur. Bölgədə gərginlik davam edir.
İsrail ordusu Qəzza zolağında bir fələstinlinin əlləri bağlı vəziyyətdə əks olunduğu görüntülərin həqiqi olduğunu təsdiqləyib. Ordunun məlumatına görə, hadisə ilə bağlı komandanlıq səviyyəsində araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq məsul şəxslər barədə qərar veriləcəyi bildirilib. Yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Fələstinli keçmiş məhbuslar və insan hüquqları təşkilatları uzun illərdir saxlanılma yerlərində zorakılıq halları ilə bağlı iddialar irəli sürürlər. Hadisənin bütün təfərrüatları hələlik açıqlanmayıb. Araşdırmanın nəticələrinin daha sonra ictimaiyyətə təqdim olunacağı gözlənilir.
“Global Sumud Flotilla” təşkilatçıları İsrail tərəfindən saxlanıldıqdan sonra azad edilən bəzi fəalların zorakılıq və pis rəftara məruz qaldıqlarını iddia ediblər. Məlumatlarda fiziki zorakılıq, hüquqi təminatlardan məhrum edilmə və digər ciddi iddialardan bəhs olunur. Hazırda bu məlumatlar müstəqil şəkildə təsdiqlənməyib və məsələ hüquqi araşdırma mərhələsindədir.
Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 nəfər şübhəli qismində saxlanılıb. Onlardan 3-ü barəsində həbs qərarı çıxarılıb, digər 3 nəfər isə məhkəmənin qərarı ilə nəzarət şərti ilə sərbəst buraxılıb.
Beynəlxalq səviyyədə qırmızı bültenlə axtarılan altı, milli səviyyədə axtarılan iki cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib. Beynəlxalq səviyyədə axtarılan şəxslər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan gətirilib. Onların müxtəlif cinayətlər - qəsdən adam öldürmə, uşaq istismarı, qanunsuz azadlıqdan məhrum etmə, saxta sənəd hazırlama, fırıldaqçılıq, qəsdən xəsarət yetirmə, yol-nəqliyyat hadisəsi nəticəsində ölüm və yaralanmaya səbəb olma, həmçinin narkotik maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı axtarıldığı bildirilib.
İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Bayrampaşa Bələdiyyəsinə qarşı “vəzifədən sui-istifadə”, “rüşvət”, “dələduzluq” və “tenderlərə müdaxilə” ittihamları ilə istintaq başladılıb. AzerVoice-un məlumatına görə, istintaq çərçivəsində aparılan əməliyyat zamanı bələdiyyəyə və şübhəlilərə məxsus ünvanlar da daxil olmaqla ümumilikdə 72 yerdə eyni vaxtda axtarış keçirilib. Bayrampaşa Bələdiyyəsinin sədri Hasan Mutlu, beş bələdiyyə sədrinin müavini, beş bələdiyyə məclisinin üzvü ilə birlikdə barələrində həbs qərarı çıxarılan 48 nəfərdən 45-i saxlanılıb.
Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya pozuntularına görə saxlanılıb. Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Burçuladze müdafiə naziri vəzifəsində çalışdığı dövrdə xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur. Həbelə, müxalif “Vahid Milli Hərəkat” partiyasının siyasi şurasının sədri Levan Xabeişvili də saxlanılıb. Onun, hüquq-mühafizə orqanlarının əməkdaşlarına xidməti vəzifələrini yerinə yetirməmələri üçün pul vəsaiti vəd etməkdə ittiham olunduğu qeyd olunub.
Antalya Polis İdarəsinin rəisi İlker Arslan rüşvət işi ilə bağlı şəhər hakimiyyətinin qərarı əsasında saxlanılıb. Arslan özü polisə təslim olub. Onun yerinə isə idarə rəisinin müavini Murat Baz təyin edilib. İlker Arslanın adı bu ilin iyul ayında həbs edilən Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcekə qarşı açılmış rüşvət işi üzrə istintaq materiallarında hallanıb. Bəzi iş adamlarının ifadələrinə görə, o, bələdiyyənin keçirdiyi tenderlərdə korrupsiya sxemlərində iştirak edib. Antalya Baş Prokurorluğu Arslanın “rüşvətdə vasitəçilik, ağırlaşdırılmış dələduzluq və qanunsuz əmlak əldəetmə” maddələri ilə saxlanılması barədə order verib.
Məhəmməd peyğəmbər və Musa peyğəmbərin karikaturasının Leman jurnalında dərc olunmasına dair aparılan istintaq çərçivəsində jurnalı idarə edənlərin də daxil olduğu 6 şübhəli barəsində ittiham aktı hazırlanıb. İstanbul Baş Prokurorluğu tərəfindən iyunun 26-da Leman jurnalında dərc olunmuş karikatura ilə bağlı başlanmış istintaq başa çatıb. Hazırlanan ittiham aktında məsul redaktorlar Zafer Aknar və Aslan Özdemir, müəssisə müdiri Ali Yavuz, qrafik dizayner Cebrail Okçu, həmçinin barəsində axtarış qərarı çıxarılan baş redaktor Mehmet Tuncay Akgün mətbuat və yayım yolu ilə xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etməkdə ittiham olunurlar. Prokurorluq onların hər biri üçün 1 il 6 aydan 4 il 6 aya qədər həbs cəzası tələb edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhqiredici paylaşım edən şəxs saxlanılıb. Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Baş Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, saxlanılan şəxs barəsində Antalya Baş Prokurorluğu tərəfindən “prezidentə təhqir” maddəsi üzrə cinayət işi başlanıb.