#Silahlı qruplaşmalar

Livanlı silahlı qruplaşma Hizbullah bəyan edib ki, qüvvələri Livanın cənub bölgəsində İsrail ordusuna məxsus mövqelərə və hərbi texnikaya hücumlar həyata keçirib. Qruplaşma həmçinin Aita əl-Cabal hava məkanında İsrail dronunu vurduqlarını və Marun əl-Rəs bölgəsində hərbi mövqelərə dronlarla hücum etdiklərini iddia edir. İsrail tərəfi isə hələ rəsmi açıqlama verməyib.

Pakistanın şimal-qərbində polis məntəqəsinə avtomobilə yerləşdirilmiş partlayıcı qurğu ilə hücum edilib. Hadisə Xeybər Paxtunxva əyalətinin Bannu bölgəsində baş verib. Hücum nəticəsində 15 təhlükəsizlik əməkdaşı həlak olub. Polisin məlumatına görə, silahlılar əvvəlcə partlayıcı yüklü avtomobillə polis məntəqəsinə çırpılıblar, daha sonra binaya daxil olaraq atəş açıblar. Hadisə yerinə köməyə gələn hüquq-mühafizə qüvvələri də pusquya salınıb.

Suriyanın Hələb şəhərində Suriya hökumət qüvvələri ilə YPG/PKK silahlı dəstələri arasında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. YPG/PKK qruplaşması Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində, eləcə də şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində artilleriya və minaatan atəşləri həyata keçirib. Hücumlar zamanı iki mülki şəxsin həlak olduğu, 13 mülki vətəndaşın yaralandığı açıqlanıb.

Suriyada baş verən proseslər ciddi narahatlıq doğurur. Suriyada yeni hökumət qurulsa da, bəzən kəskinləşən mübarizə hələ də davam edir. Türkiyənin bu məsələyə reaksiyası isə diqqət mərkəzindədir. Suriyada vəziyyətin düzəlməsinə yardım etmək üçün Türkiyə ordusunun genişmiqyaslı hərbi əməliyyat aparacağı artıq real və gözlənilən bir haldır.