#Azərbaycan Ermənistan danışıqları

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar. "Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan SSRİ dövrünün sərhədlərini tanıyırlar. "Tərəflər, keçmiş SSRİ-nin Sovet Sosialist Respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlik tərəfindən bu şəkildə tanındığını təsdiq edərək, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır və hörmət edirlər", - sənəddə deyilir.

Azərbaycan və Ermənistan Minsk Qrupunun buraxılması ilə bağlı ATƏT-in baş katibinə müraciət ediblər. "Azərbaycan Respublikasının və Ermənistan Respublikasının xarici işlər nazirlərinin ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların (ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun) bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətindən sonra, bu gün ATƏT Nazirlər Şurasının bağlanma ilə bağlı qərar layihəsi ATƏT iştirakçı dövlətləri arasında yayılıb və onlar qərarın qəbul edilməsi üçün lazımi prosedurları dəstəkləməyə çağırılıblar", - sənəddə deyilir.

2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iki ölkə arasında sülh sazişi imzaladılar. Bu saziş, Azərbaycanın 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi nəticəsində işğal altındakı torpaqlarını azad etməsi və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı zamanı qalan ərazilərin də azad olunması ilə başlayan uzun və çətin diplomatik prosesin zirvəsi oldu.

Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” tarixi razılaşmanı alqışlayır. Bu barədə Gürcüstan XİN-nin yaydığı bəyanatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Rusiya Federasiyası Cənubi Qafqazda sabitlik və tərəqqi zonasının yaradılmasında maraqlıdır, eyni zamanda, ən mühüm şərtlərdən biri Azərbaycan ilə Ermənistan arasında münasibətlərin hər iki ölkə xalqlarının maraqlarına uyğun hərtərəfli normallaşmasıdır.

Türk Dövlətləri Təşkilatı (TDT), Azərbaycan və Ermənistan arasında imzalanan tarixi sülh razılaşmasını məmnunluqla qarşılayıb. Təşkilat, ABŞ-ın paytaxtı Vaşinqtonda imzalanan ortaq bəyannaməni və ATƏT-in Minsk Qrupu mexanizminin bağlanması çağırışını bölgə üçün “əlamətdar dönüş nöqtəsi” kimi dəyərləndirib. TDT Baş katibi, səfir Kubanıçbek Ömüraliyev açıqlamasında qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə edilən razılaşma Cənubi Qafqazda qalıcı sülh, sabitlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyətə malikdir.