Türk Dövlətləri Təşkilatının Qəbələdəki Zirvə Görüşündə Azərbaycanda üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifini xatırladan dövlətimizin başçısı deyib: “Hesab edirəm ki, buna da ehtiyac var. Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var”.
#Prezident İlham Əliyev
Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır. “Təbii ki, coğrafi nöqteyi-nəzərdən digər marşrutlardan da istifadə oluna bilər. Ancaq mövcud geosiyasi vəziyyəti nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki, Qərb üçün alternativ marşrutlar məqbul sayıla bilməz. Ona görə bizim rolumuz, yəni canlı körpü və etibarlı tərəfdaş kimi, artıq böyük layihələri icra edə bilən ölkə kimi təbii ki, artacaq və biz bunu artıq praktik həyatda görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətləndirirəm. Çünki bu təşkilat 30 ilə yaxındır ki, yaradılmışdır və yarandığı gündən yeni üzv qəbul etməmişdir. Müsəlman dünyasının ən böyük ölkələrini birləşdirən D-8 təşkilatın yeganə yeni üzvünün Azərbaycan olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq”.
Hesab edirəm ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim Çinlə olan strateji tərəfdaşlığımızdır. Keçən il mənim Çinə dövlət səfərim zamanı Hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır və bu da çox böyük uğur sayıla bilər. Çinin dünyada aparıcı ölkələrdən biri olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər.
Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklərin getdiyini, yolların açıldığını və hətta Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu gün bu yoxdur. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var”.
Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi. “Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyə dövlətimizin başçısı bildirib.
Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində qəbul olunan 907-ci düzəlişin ABŞ ilə Azərbaycan arasında genişmiqyaslı münasibətlərin qurulmasına imkan vermədiyini qeyd edən dövlətimizin başçısı artıq bu məhdudiyyətin aradan qaldırıldığını vurğulayaraq deyib: “Bunun təbii ki, iki əsas səbəbi var: Birincisi, Azərbaycan-Ermənistan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə”.
Keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün yerli televiziya kanallarına müsahibə verib. Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi bu gün yayımlanacaq.
Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.
Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Bu fikir Prezident İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına ünvanladığı müraciətdə yer alıb.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib. Dövlət başçısı Azərbaycanda əsrlər boyu formalaşmış tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin ölkə həyatının əsas sütunlarından olduğunu vurğulayıb. Prezident qeyd edib ki, xristian icması da daxil olmaqla bütün vətəndaşlar üçün etnik və dini kimliyin qorunması və inkişafı məqsədilə geniş hüquqi-demokratik şərait yaradılıb. İlham Əliyev xristian həmvətənlərimizin Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatında fəal iştirakını yüksək qiymətləndirib.