Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işləmir. Azərbaycan isə beynəlxalq hüququn işləməməsinin ilk qurbanlarından biri olmuşdur. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsinin 27 il ərzində kağız üzərində qaldığını deyən dövlətimizin başçısı vurğulayıb ki, əgər biz öz torpaqlarımızı güc yolu ilə azad etməsəydik, onlar əbədi olaraq icrasız qalacaqdı.
#Prezident İlham Əliyev
Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac olunub. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.
Mənim Sərəncamımla hələ 20 il bundan əvvəl Müdafiə Sənayesi Nazirliyi yaradılanda, o vaxt biz bunu dövlət inhisarında olan sahə kimi qiymətləndirirdik. Ancaq illər keçdikcə və xüsusilə beynəlxalq təcrübəyə baxdıqda gördük ki, bir çox ölkələrdə aparıcı rollarda özəl şirkətlərdir. Bir də ki, özəl şirkətləri bu işə cəlb etməklə biz dövlət üzərinə düşən yükü də, maliyyə yükünü də azaltmış ola bilərik. Ona görə son iki il ərzində dövlət şirkəti ilə bərabər özəl şirkətlərə də imkanlar verildi.
Zənnimcə, bizim İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb. Dövlətimizin başçısı qeyd edib: “Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, şanlı Zəfərimizdən sonra arxayınlaşmamalıyıq: “Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm”.
Qarabağda və Şərqi Zəngəzurda gedən quruculuq işlərinə paralel olaraq Naxçıvan Muxtar Respublikasında da istər yaşıl enerji olsun, istər kənd təsərrüfatı, istər suvarma, - indi orada böyük suvarma layihələri icra ediləcək, - istər turizm, bu bölgəni biz birləşdirəcəyik. Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistanın da bundan ancaq fayda görəcəyini qeyd edən Azərbaycan Prezidenti vurğulayıb: “Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq. Əgər kimsə özünü siyasi cəhətdən uduzmuş hesab edirsə, bu, necə deyərlər, onun problemidir. Amma əgər hər kəs bu məsələyə praqmatizm nöqteyi-nəzərindən baxsa, burada özü üçün xeyirli bir iş görə bilər.
Azərbaycanda bütün yolların daha tez həll oluna biləcəyini vurğulayan dövlətimizin başçısı ölkəmizin ərazisində Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problemin qalmadığını qeyd edib. Azərbaycanın təşəbbüsü ilə Ağbənd qəsəbəsində Arazın üzərindən körpünün də inşa edildiyini deyən Prezident İlham Əliyev bildirib: “Hazırda Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün Biləsuvardan uzun yol qət edilməlidir. İndi isə İran ərazisindən Naxçıvana cəmi 45-50 kilometr gediş olacaq. Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iki bağlantı olacaq, biri Ermənistan üzərindən, biri isə İran üzərindən. Biz faktiki olaraq, Naxçıvanı, Şərqi Zəngəzuru və Qarabağı bir bölgə kimi birləşdirəcəyik.
İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəmizdir və bu bölgəni Azərbaycanın digər bölgələri ilə - Kəlbəcər vasitəsilə Gəncə-Qərb istiqaməti, Tərtər-Bərdə-Bakı istiqaməti, Füzuli-Biləsuvar-Cənub istiqaməti, beləliklə, ölkədə bağlantılar daha etibarlı olacaq, yola sərf edilən məsafə qısa olacaq. Dəmir yolu, avtomobil yolları, gələcəkdə hava yollarının istifadəsinin insanların ölkə daxilində miqrasiyasını gücləndirəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”.
Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır.
Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qərar qəbul etdik. Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı. Bu qərarın Azərbaycana çoxlu gəlir gətirdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazandı. Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq. Buna baxmayaraq, bu, dünyada adambaşına düşən ehtiyatlar nöqteyi-nəzərindən istənilən ölkədə olan ən yüksək göstəricilərdən biridir”.
Azərbaycanın tərəfdaşlarla məlumat mərkəzlərinin yaradılması üzərində çalışdığını qeyd edən dövlətimizin başçısı bildirib: “Kibertəhlükəsizlik mərkəzinin yaradılması, mütəxəssislərimizin təlimi ilə bağlı planlarımız və artıq icra olunmuş layihələrimiz var - biz bir çox mütəxəssislərimizi xaricə təlimlərə göndəririk və eyni zamanda, Azərbaycanda təlimlər təşkil edirik - hədəfimiz, bağlılıqla yanaşı, Süni Zəka və İT üçün bir haba çevrilməkdir. Potensial mövcuddur. Güclü siyasi iradə mövcuddur. Əlbəttə ki, biz Amerika şirkətlərini əsas tərəfdaşlarımız hesab edirik”.
Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərəfli strateji tərəfdaşlıq haqqında iki sənədin imzalanması ikitərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verib. Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.Ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcminin 4 milyard dolları keçdiyini vurğulayan Prezident İlham Əliyev Çin şirkətlərinin Azərbaycanda bərpaolunan enerji, nəqliyyat və digər sahələrə fəal şəkildə investisiyalar qoymağa başladığını qeyd edib.